iOS 26.4 beta 2 yayımlandı
Technote.az “Apple Insider” platformasına istinadən bildirir ki, Apple iOS 26.4-ün ikinci developer beta versiyasında iPhone və Android cihazları arasında ilk dəfə tam şifrəli (End-to-End Encryption – E2EE) RCS mesajlaşmanı test etməyə başlayıb.
Xatırladaq ki, iOS 26.4-ün ilk beta versiyasında RCS üçün E2EE funksiyası təqdim olunmuşdu, lakin bu imkan olduqca məhdud idi və yalnız iMessage deaktiv edilmiş iPhone cihazları arasında işləyirdi. Yeni beta versiyada isə bu məhdudiyyət aradan qaldırılıb. Artıq iPhone istifadəçiləri Android istifadəçilərinə də tam şifrəli RCS mesaj göndərə bilirlər. Lakin bunun üçün Android tərəfində Google Messages tətbiqinin ən son versiyası quraşdırılmalıdır.
Şifrələnmiş mesajların aktiv olduğunu istifadəçilər çat pəncərəsində görünən kiçik “kilid” (lock) ikonundan anlaya bilərlər. Qeyd edək ki, iMessage çatlarında bu ikon əvvəldən mövcuddur. Çünki iMessage 2011-ci ildə istifadəyə veriləndən bəri E2EE dəstəyinə malikdir. Apple bildirir ki, bu funksiya hələlik yalnız beta mərhələsində test olunur və bütün cihazlar və operatorlar üçün əlçatan deyil. Şirkət konkret hansı modellərdə və ya hansı mobil operatorlarda məhdudiyyət olduğunu açıqlamayıb.
Paylaş