Logo
    main-post-cover

    iPhone 12-də elektromaqnit şüalanması problemini aradan qaldıracaq iOS yenilənməsi hazırdır

    Cihazlar+
    11.10.2023
    Emil
         Keçən ayın ortasında məlum oldu ki, Fransada iPhone 12-nin satışları dayandırılıb. Belə ki, iPhone 12-də elektromaqnit şüalanması göstəricisinin (SAR) normadan artıq olduğu təyin edilmişdi. Həmin vaxtda məlumat verilmişdi ki, iPhone 12 ilk dəfə satışa çıxan zaman onda SAR göstəricisi normada idi. Lakin müəyyən müddətdən sonra SAR göstəricisi normadan artıq oldu. Fransanın yerli tənzimləyici orqanı Apple şirkətindən bu problemi aradan qaldırmağı tələb etdi və bildirdi ki, problem sadəcə proqram təminatı yenilənməsi vasitəsilə aradan qaldırıla bilər.
         İndi isə məlum olub ki, Apple artıq iOS 17.1 yenilənməsini hazırlayıb və bu yenilənmmə iPhone 12-dəki SAR göstəricisi problemini aradan qaldırmalıdır. Lakin Apple bəyan edir ki, iPhone 12 hətta iOS 17.1 yenilənməsi olmadan da təhlükəsizdir. Belə ki, smartfonun daxilində xüsusi sensorlar quraşdırılıb və həmin sensorlar smartfonun harda yerləşdiyini təyin edirlər. Əgər smartfon istifadəçiyə yaxındırsa elektromaqnit şüalanması avtomatik şəkildə aşağı düşür. Əgər smartfon istifadəçidən uzaqdadırsa SAR göstəricisi yüksəlir.
         Məlumatda qeyd edilib ki, bu texnologiya detallı şəkildə test edilib və beynəlxalq səviyyədə yoxlanılıb. Lakin Fransanın müvafiq tənzimləyici orqanının təmsilçiləri iPhone 12-nin yoxlanışı zamanı bu funksiyanın mövcudluğunu nəzərə almayıblar. Hər halda iOS 17.1 yenilənməsi bu məsələni aradan qaldırmalıdır. Şirkət iOS 17.1 Beta 3-ü artıq istifadəyə verib. Onun stabil versiyası isə yaxın zamanda istifadəyə verilməlidir.
    Paylaş