main-post-cover

    iPhone 13-dəki peyk şəbəkəsi funksiyasından hər kəs istifadə edə bilməyəcək

    Cihazlar+
    06.09.2021
    Emil Nəcəfov
        Bir neçə müddət bundan öncə Bloomberg saytının jurnalisti Mark Gurman bildirmişdi ki, Apple şirkəti iPhone 13 modellərində peyk şəbəkəsi funksiyasını reallaşdıracaq. İndi isə jurnalist bildirib ki, bu funksiya əvvəl düşünüldüyü kimi heç də heyrətləndirici olmayacaq. Hər halda ilkin mərhələdə bu belə olacaq. Onun sözlərinə əsasən mobil şəbəkə əhatəsinin olmadığı ərazilərdə peyk şəbəkəsindən heç də bütün iPhone 13 istifadəçiləri istifadə edə bilməyəcəklər. Belə ki, iPhone 13 üçün nəzərdə tutulmuş peyk şəbəkəsi funksiyası yalnız bəzi regionlarda aktiv olacaq. Məsələ burasındadır ki, Apple şirkəti fərdi peyk şəbəkəsinin istifadəyə verilməsini planlaşdırır. Bu cür layihəyə isə illərlə vaxt lazımdır.
        Mobil şəbəkə əhatəsinin olmadığı ərazilərdə peyk şəbəkəsindən istifadə funksiyası ilkin mərhələdə iPhone 13-də yalnız qısa mesajların və iMessage vasitəsilə həyəcan siqnalının göndərilməsi üçün istifadəyə veriləcək. Müəyyən müddətdən sonra isə peyk şəbəkəsindən adi telefon zəngləri üçün də istifadə etmək mümkün olacaq. Bəzi məlumatlara əsasən peykdən siqnalın əldə olunması üçün istifadəçi küçədə yerləşməli olacaq. Bununla belə peyklə smartfon arasında bağlantının yaradılması üçün 1 dəqiqə vaxt lazım olacaq. Bununla yanaşı ilkin mərhələdə peyk şəbəkəsindən istifadənin qiyməti çox yüksək olacaq. Qeyd etmək lazımdır ki, iPhone 13 seriyası bu ay təqdim olunacaq. Məhz təqdimat çərçivəsində şirkətin bu funksiyanı yeni smartfonlara inteqrasiya edib-etməyəcəyi məlum olacaq.
    Linki kopyala