main-post-cover

    iPhone 13 modelləri iPad Pro ilə Apple Watch-un vacib funksiyalarını əldə edə bilərlər

    Cihazlar+
    19.07.2021
    Emil Nəcəfov
        Bloomberg saytının jurnalisti Mark Gurman Apple şirkətinin bu il təqdim edəcəyi iPhone 13 barəsində yeni məlumatları təqdim edib. Jurnalistin sözlərinə əsasən Apple şirkətinin iPhone 13 modellərində yeni ekran növünə keçid etməsi öz növbəsində çoxdan gözlənilən funksiyanın reallaşdırılmasına imkan verəcək. Söhbət, artıq uzun illərdir ki, Apple Watch modellərində reallaşdırılmış Always on Display funksiyasından gedir. Qeyd etmək lazımdır ki, bu funksiyanın aktivləşdirilməsi nəticəsində ekran blok rejimində olsa da bəzi məlumatları əks etdirmək bacarığına sahib olur.
        Bu funksiya Apple şirkətinin smart saatlarında artıq çoxdan reallaşdırılıb. Lakin istifadəçilər uzun illərdir ki, onu iPhone-larda gözləyirlər. Məlumata əsasən indiki zamana kimi Always on Display funksiyasının iPhone-larda reallaşdırılmamasının səbəbi ondan ibarətdir ki, onların ekranları yüksək enerji sərfiyyatına sahibdirlər. Mark Gurman-ın sözlərinə əsasən bu problemi həll etmək üçün 2017-ci ildə iPad Pro üçün təqdim olunmuş ProMotion texnologiyasından istifadə olunacaq.
        Beləliklə smartfon ekranlarında LTPO matrisalara keçid öz növbəsində gözləmə rejimində smartfonların avtomatik şəkildə ekranların təsvir yenilənmələrini 1 Hz-ə kimi endirməyə imkan verəcək. Bu isə ekranların enerji sərfiyyatlarını qat-qat aşağı salmaqda yardımçı olacaq. Bundan əlavə olaraq jurnalist qeyd edib ki, A15 Bionic prosessoruna sahib olacaq yeni iPhone 13 modellərinin ekranları üzərindəki çıxıntı hissəsinin ölçüsü bir qədər kiçiləcək. Gözləntilərə əsasən Apple şirkəti iPhone 13 modellərini bu ilin sentyabr ayında təqdim edəcək.
    Linki kopyala