
iPhone 14 əyləncə parklarındakı atraksionları yol-nəqliyyat qəzası kimi təyin edir
Cihazlar+
10.10.2022
Emil
Bir neçə müddət bundan öncə rəsmi satışlarına start verilmiş iPhone 14 modellərində yol-nəqliyyat qəzalarının təyin edilməsi funksiyası mövcuddur. Bu funksiya yol-nəqliyyat qəzasının baş verdiyi halda smartfonun avtomatik şəkildə fövqəladə hallar xidməti ilə əlaqə yaratmasına imkan verir. Məlum olub ki, sözügedən funksiya heç də ideal şəkildə çalışmır. Verilmiş məlumata əsasən iPhone 14 modelləri əyləncə parklarındakı atraksionları yol-nəqliyyat qəzası kimi təyin edərək fövqəladə hallar xidməti ilə əlaqə yaradırlar. Bütün iPhone 14 modellərinə və eləcə də Watch 8, Watch SE 2, Watch Ultra smart saatlarına inteqrasiya edilmiş Crash Detection funksiyası hiroskop, akselerometr və yol-nəqliyyat qəzalarını təyin etmək üçün nəzərdə tutulmuş alqoritm əsasında çalışır.

Yol-nəqliyyat qəzasının baş verdiyi halda bu və ya digər iPhone 14 modelinin ekranında bu barədə bildiriş əks olunur və əgər istifadəçi həmin bildirişə 20 saniyə ərzində reaksiya bildirməsə də, smartfon avtomatik şəkildə fövqəladə hallar xidməti ilə əlaqə yaradır. ABŞ-dakı bəzi istifadəçilərin iPhone 14 modelləri məhz bu prosesi yerinə yetiriblər. Lakin məsələ burasındadır ki, onların smartfonları sözügedən prosesi heç də yol-nəqliyyat qəzası çərçivəsində reallaşdırmayıblar. Belə ki, istifadəçilərin smartfonları əyləncə parkındakı atraksionlardan istifadəni yol-nəqliyyat qəzası kimi təyin edərək avtomatik şəkildə 911 xidməti ilə əlaqə saxlayıblar. Çox güman ki, smartfonlarda olan hiroskop ilə akselerometr atraksionların ani dönüşlərini və tormozlanmalarını yol-nəqliyyat qəzası kimi təyin ediblər.
Məlumatda qeyd edilib ki, fövqəladə hallar üzrə xidmətlər istifadəçilərin iPhone 14 modellərinin səhvən yol-nəqliyyat qəzalarını təyin etdikləri üçün dəfələrlə əyləncə parklarına yollanıblar. Maraqlısı ondadır ki, bu cür halların tez-tez baş verməsindən sonra bəzi əyləncə parkalarında olan atraksionların girişlərində insanlardan atraksiona minən zaman özləri ilə telefon cihazlarını götürməmək məsləhəti yerləşdirilib. Apple şirkəti isə öz növbəsində bu mövzuya aydınlıq gətirib. “Atraksionlardan istifadə edən zaman mobil cihaz sürətin, təzyiqin və səsin ani dəyişikliklərini təyin edir. Bu vəziyyət real yol-nəqliyyat qəzasının baş verdiyi zaman ətraf mühitdəki vəziyyət ilə eynidir” - deyə şirkət bildirib.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Honor X70-in 4 gövdə rəngində fotoları təqdim edilib
