main-post-cover

    iPhone 14-ün peyk şəbəkəsi funksiyası ilk dəfə bir insanın həyatını xilas etməyə yardımçı olub

    Cihazlar+
    02.12.2022
    Farid Pardashunas
        15 noyabr tarixində Apple bəzi ölkələrdə iPhone 14 smartfonlarının peyk şəbəkəsi funksiyasını istifadəyə verdi. Qeyd etmək lazımdır ki, sözügedən funksiya vasitəsilə istifadəçilər fövqəladə vəziyyətlərdə yardım xidmətləri ilə əlaqə yarada bilərlər. Sözügedən fuksiyanın istifadəyə verilməsindən bir neçə həftə keçməsinə baxmayaraq artıq o, lazımi səviyyədə çalışdığını və faydalı olduğunu sübut edib. Verilmiş məlumata əsasən 1 dekabr tarixində Alyaska ştatının hərbi qulluqçuları yardım barəsində təcili mesaj əldə ediblər. Məlum olub ki, vətəndaşlardan biri qar arabası (qar motosikleti) vasitəsilə Alyaskanın Nurvik şəhərindən Kotzebu şəhərinə yollanıb.
        Lakin yolun müəyyən hissəsində qar arabası qarda ilişib qalıb və nəticədə həmin şəxs sivilizasiyadan uzaqda mobil şəbəkənin əhatə olunmadığı yerdə qalıb. Məhz bu anda o, Apple smartfonlarında reallaşdırılmış yeni peyk şəbəkəsi funksiyasından istifadə edib. Çətin vəziyyətdə qalmış şəxs sözügedən funksiya vasitəsilə yardım mesajını göndərə bilib. Nəticədə axtarış və xilasetmə qruplarının nümayəndələri əldə edilmiş GPS koordinatları vasitəsilə vətəndaşın yerləşdiyi yeri təyin edə biliblər. Məlumatda qeyd edilib ki, bu hadisə çərçivəsində çətin vəziyyətdə qalmış şəxsin bir qədər də bəxti gətirib. Məsələ burasındadır ki, o, Apple şirkətinin yeni xidmətinin çalışma sərhədində yerləşib.
        Şirkətin verdiyi rəsmi məlumata əsaəsn peyk şəbəkəsi 62 dərəcə coğrafi en göstəricisindən daha yüksək göstəricidə (Alyaska və Kanadanın şimal hissələri) çalışmır. Nurvik ilə Kotzebu şəhərləri isə 69 dərəcə coğrafi enə yaxın yerləşirlər. Nəticədə hərbçilər bu yeni funksiya vasitəsilə həmin şəxsi taparaq ona yardım göstəriblər. Qeyd etmək lazımdır ki, iPhone 14-ün peyk şəbəkəsi funksiyası hal hazırda yalnız ABŞ və Kanadada aktivdir. Lakin bu ay ərzində onun Fransa, Almaniya, İrlandiya və Böyük Britaniyada da istifadəyə veriləcəyi gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər