
İnsayderlər bu il təqdim olunacaq iPhone 15 smartfon seriyası barəsində məlumatlar təqdim etməyə davam edirlər. Bu dəfə onlar iPhone 15-də olacaq naqilsiz şarj texnologiyasından danışıblar. Onlar bildiriblər ki, Qi standartı üzrə çalışan sürətli naqilsiz şarj texnologiyalarının istifadəsi zamanı iPhone 15-in daha böyük enerji gücü ilə şarj olunması mümkün olacaq. Qeyd etmək lazımdır ki, iPhone 12, iPhone 13 və iPhone 14 smartfonları Apple MagSafe və ya rəsmi MFM (Made for MagSafe) lisenziyasına sahib daha bahalı naqilsiz şarj cihazları vasitəsilə 15 vatt gücündə şarj prosesinə sahib olurlar.
Yerdə qalan digər naqilsiz şarj cihazlarının Qi standartı üzrə çalışdıqları səbəbilə onların enerji ötürmə gücləri iPhone-larda 7.5 vatt ilə məhdudlaşdırılıb. İnsayderlər isə bildirib ki, iPhone 15 smartfon seriyasında bu vəziyyət dəyişəcək. Bu halda Qi standartı üzrə çalışan isənilən naqilsiz şarj cihazı vasitəsilə iPhone 15 smartfonlarını sürətli naqilsiz şarj texnologiyası üzərindən şarj etmək mümkün olacaq. Qeyd etmək lazımdır ki, iPhone 15 smartfon seriyasının təqdimatı bu ilin sentyabr ayında keçirilməlidir.