
Dünən təqdim edilmiş iPhone 15 smartfon seriyasında reallaşdırılmış əsas yenilik smartfonların USB-C girişi ilə təchiz olunmaları oldu. Lakin təqdimat zamanı Apple bu mövzuda olan nüansları qeyd etmədi. Beləliklə bütün iPhone 15 modelləri USB-C girişinə sahibdirlər. Daha bahalı qiymətə satılan iPhone 15 Pro modellərində olan USB-C girişi USB 3.0 standartını dəstəkləyir. Bu isə məlumatların USB-C üzərindən saniyədə 10 Gbit sürətlə ötürülməsi deməkdir.
Lakin iPhone 15 və iPhone 15 Plus modellerinin sahib olduqları USB-C girişi daha köhnə USB standartının dəstəyinə sahibdir. Söhbət, USB 2.0-dan gedir. Bu standart çərçivəsində məlumatların ötürülməsi sürəti saniyədə 480 Mbit təşkil edir. Bir çoxları ümid edirdilər ki, USB-C-yə keçid sayəsində yeni iPhone modellərində daha sürətli şarj texnologiyasının dəstəyi reallaşdırılacaq. Lakin təqdimatdan sonra məlum oldu ki, bu mövzuda heç bir dəyişiklik yoxdur. Yeni smartfonlar əvvəlki kimi 20 vatt gücündə olan şarj adapteri vasitəsilə 50% enerjini 30 dəqiqəyə yığırlar.