
Bir neçə müddət bundan öncə məlumat verilmişdi ki, bu il təqdim olunacaq iPhone 15 seriyasına daxil olacaq iPhone 15 Pro Max modeli eksklüziv olaraq periskop kamera obyektivinə sahib olacaq. Bunun sayəsində iPhone 15 Pro Max 5-6 qat optik zoom-u təmin edəcək. MacRumors saytının verdiyi məlumata əsasən iPhone 15 ilə iPhone 15 Plus modellərinin kameralarında da dəyişiklik olacaq. Belə ki, sözügedən iPhone 15 modelləri yeni 48 MP–lik əsas arxa kamera ilə təchiz olunacaqlar və həmin kamera daha çox işığın udulmasını təmin edəcək.
Bu isə öz növbəsində çəkilən fotoların daha yaxşı keyfiyyətdə olmalarına şərait yaradacaq. Belə qənaətə gəlmək olar ki, iPhone 15 ilə iPhone 15 Plus modelləri iPhone 14 Pro səviyyəsiondə fotolar çəkə biləcəklər. Bununla yanaşı məlumatda qeyd edilib ki, Apple şirkəti yeni 48 MP-lik kamera obyektivlərinin istehsalında bəzi problemlərlə qarşılaşıb. Buna görə də iPhone 15 ilə iPhone 15 Plus smartfonlarının istehsallarında bəzi gecikmələr yaşana bilər. Qeyd etmək lazımdır ki, iPhone 15 smartfon seriyasının sentyabr ayında təqdim olunacağı gözlənilir.