main-post-cover

    iPhone 16, 16 Plus, 16 Pro və 16 Pro Max təqdim olundu - QİYMƏTİ

    Cihazlar+
    09.09.2024
    Emil Nəcəfov
         Apple şirkəti online formatda keçirtmiş olduğu təqdimat tədbiri çərçivəsində iPhone 16 smartfon seriyasını təqdim etdi. Yeni seriyaya ənənəvi olaraq 4 model daxil oldu. iPhone 16, iPhone 16 Plus, iPhone 16 Pro iPhone 16 Pro Max. İlk öncə iPhone 16 və iPhone 16 Plus modellərinə nəzər yetirək. Şirkətin vermiş olduğu məlumata əsasən yeni süni zəka imkanlarını nəzərə alaraq Apple iPhone 16 və iPhone 16 Plus modellərini sıfırdan yaradıb. Bu smartfonlarda reallaşdırılmış əsas dizayn dəyişikliyi ondan ibarətdir ki, onların arxa panellərindəki kameralar şaquli istiqamətdə yerləşdirilib. Üstəlik həm iPhone 16-nın həm də iPhone 16 Plus-ın gövdəsində kameranın idarəsinə istiqamətlənmiş Camera Control adlı yeni fiziki düymə inteqrasiya edilib. Həmin düymə vasitəsilə istifadəçi fotoları çəkə və kadrın miqyasını dəyişə bilər.
         Sözügedən iPhone modellərində daha bir yenilik isə Action Button düyməsidir. Qeyd etmək lazımdır ki, keçən il bu düymə eksklüziv olaraq yalnız iPhone 15 Pro modellərində reallaşdırılmışdı. Apple təqdimat zamanı bildirib ki, iPhone 16 və iPhone 16 Plus-da ekran ən dözümlü qoruyucu şüşə ilə əhatə olunub və o, cızıqlara davamlıdır. Hər iki smartfonun gövdəsi təkrar emal edilmiş alüminiumdan hazırlanıb. Bu smartfonların gövdələri IP68 standartı üzrə sudan qorunma özəlliyinə sahibdirlər. Adi iPhone 16 modeli 2556x1179 piksel keyfiyyətli 6.1 düym ölçülü OLED ekranla, iPhone 16 Plus modeli isə 2796x1290 piksel keyfiyyətli 6.7 düym ölçülü OLED ekranla təchiz olunub. Ekranlarda maksimal parlaqlıq səviyyəsi 2000 nit təşkil edir.
         Smartfonların ekranları üzərində ənənəvi Dynamic Island çıxıntısı yerləşib. Bu smartfonlar şirkətin A18 adlı yeni prosessoru vasitəsilə çalışırlar. Bu yeni prosessor A16 Bionic-dən daha sürətli olub. Belə ki, A18 prosessorunun CPU tərəfi 30%, GPU tərəfi isə 40% daha sürətlidir. A18 özündə həmçinin 16 nüvəli neyron çipini birləşdirir. Nəticədə iPhone 16 və iPhone 16 Plus modelləri Apple Intelligence ekosisteminin süni zəka funksiyalarını işə sala biləcəklər. Kameralar mövzusunda sözügedən yeni smartfonlar 48 MP + 12 MP ikili arxa kamera ilə təchiz olunublar. 48 MP-lik kamera f/1.6 diafraqmalıdır və o, 12 MP-lik rejimdə 2 qat zoom özəlliyini dəstəkləyir. 12 MP-lik kamera isə ultra geniş bucaqlı kameradır və o özündə avtofokus imkanını birləşdirir və həmçinin f/2.2 diafraqmalıdır.
         iPhone 16 və iPhone 16 Plus istifadəçiləri sonunda makro fotoları çəkə biləcəklər. Kameralar saniyədə 30 və ya 60 kadr sürətlə 4K videolar çəkə bilirlər. Onların sahib olduqları ön kamera isə 12 MP-dir. Şirkət ənənəyə sadiq qalaraq smartfonların RAM yaddaşları və batareya həcmləri barəsində məlumat verməyib. Lakin bununla belə o, qeyd edib ki, bu yeni smartfonların batareya həcmləri böyüyüb. Buna baxmayaraq məlumdur ki, iPhone 16 və iPhone 16 Plus modelləri 128/256/512 GB daxili yaddaş həcminə sahibdirlər. İndi isə iPhone 16 Pro və iPhone 16 Pro Max modellərinə nəzər yetirək. Bu modellər keçən ilki iPhone 15 Pro modellərindən demək olar fərqlənmirlər. Adi iPhone 16 və iPhone 16 Plus modellərində olduğu kimi iPhone 16 Pro modelləri də Camera Control adlı yeni fiziki düyməni əldə ediblər.
         Üstəlik iPhone 16 Pro modelləri iPhone tarixində ən nazik ekran ətrafı çərçivələri əldə ediblər. iPhone 16 Pro modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib 2622x1206 piksel keyfiyyətli 6.3 düym ölçülü OLED ekranla, iPhone 16 Pro Max modeli isə 120 Hz-lik təsvir yenilənməsinə sahib 2868x1320 piksel keyfiyyətli 6.9 düym ölçülü OLED ekranla təchiz olunub. Nəticədə iPhone 16 Pro Max modeli iPhone tarixinin ən böyük ölçülü ekranını əldə edib. Ekranlarda maksimal parlaqlıq səviyyəsi isə 2000 nit təşkil edir. Smartfonların gövdələri titan materialdan hazırlanıb və onlar cızıqlara olduqca dözümlü olan qoruyucu şüşə ilə əhatə olunublar. Adi iPhone 16 modellərində olduğu kimi iPhone 16 Pro modellərində də gövdə IP68 standartı üzrə sudan qorunma özəlliyinə sahibdir.
         Hər iki smartfon A18 Pro prosessoru vasitəsilə çalışır. Şirkət bildirib ki, A18 Pro keçən ilki prosessordan 20% daha sürətlə çalışır və onun GPU tərəfi 35% daha az enerji sərf edir. Üstəlik adi A18 kimi A18 Pro da 16 nüvəli neyron çipi ilə təchiz olunub. iPhone 16 Pro modeli 128/256/512 GB/1 TB daxili yaddaş həcminə, iPhone 16 Pro modeli isə 256/512 GB/1 TB daxili yaddaş həcminə sahibdir. Kameralar mövzusunda hər iki smartfon 48 MP (f/1.78 diafraqma) + 48 MP (f/2.2 diafraqma) + 12 MP (f/2.8 diafraqma) üçlü arxa kameranı və 12 MP-lik ön kameranı əldə edib.
         Fusion Camera adlı 48 MP-lik əsas arxa kamera ProRAW fotoları iki dəfə daha sürətli çəkə bilir. 12 MP-lik telekamera isə 5 qat zoom özəlliyinə sahibdir. Bundan əlavə olaraq iPhone 16 Pro modelləri daha güclü MagSafe dəstəyini əldə ediblər. iPhone 16 smartfonları 20 sentyabr tarixində satışa çıxacaqlar. iPhone 16-nın qiyməti 799$-dan, iPhone 16 Plus-ın qiyməti 899$-dan, iPhone 16 Pro-nun qiyməti 999$-dan, iPhone 16 Pro Max-ın qiyməti isə 1199$-dan start götürəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Bir istifadəçi, iPhone-nun suya davamlılığının marketinq hiləsi olduğunu bildirərək Apple-a qarşı iddia qaldırıb!
    bir-istifadeci-iphone-nun-suya-davamliliginin-marketinq-hilesi-oldugunu-bildirerek-apple-a-qarsi-iddia-qaldirib
    Yeni dünya rekordu: Dünyanın ən böyük iPhone 15 Pro Max-ı hazırlanıb (VİDEO)
    yeni-dunya-rekordu-dunyanin-en-boyuk-iphone-15-pro-max-i-hazirlanib-video
    Apple heç bir AR dəstəyinə sahib olmayan smart eynək üzərində çalışır
    apple-hec-bir-ar-desteyine-sahib-olmayan-smart-eynek-uzerinde-calisir
    Oktyabr ayında yeni iPad mini planşetinin təqdimatı gözlənilir
    oktyabr-ayinda-yeni-ipad-mini-plansetinin-teqdimati-gozlenilir
    iPhone 16 Pro-nun standart versiyası 128 GB daxili yaddaşa sahib olmayacaq
    iphone-16-pro-nun-standart-versiyasi-128-gb-daxili-yaddasa-sahib-olmayacaq