Logo
    main-post-cover

    iPhone 17 Pro Marakana stadionunda ofsayd qərarları üçün istifadə olunacaq

    Cihazlar+
    30.01.2026
    Ilhama
        Technote.az “Apple Insider” platformasına istinadən bildirir ki, iPhone modelləri idman çəkilişlərində öz gücünü ortaya qoyub. Daha əvvəl Major League Soccer (MLS) oyunlarının iPhone 17 Pro ilə çəkildiyi məlum olmuşdu. İndi isə bu texnologiya Braziliya futboluna daxil olur.
         Braziliya Futbol Konfederasiyası (CBF) 2026 mövsümündən etibarən Marakana stadionunda iPhone əsaslı yarı-avtomatlaşdırılmış ofsayd kamera sisteminin tətbiq ediləcəyini açıqlayıb. Sistem çərçivəsində 28 ədəd iPhone 17 Pro qurğusu stadionun müxtəlif nöqtələrinə yerləşdiriləcək. Bu telefonlar 4K keyfiyyətdə və 100 fps sürətlə hər oyun epizodunu qeydə alacaq.
        iPhone-lar ümumilikdə 12 fərqli qurğu üzərində quraşdırılacaq və qapı arxaları, ofsayd xətti, meydanın mərkəzi və künc zonaları daxil olmaqla strateji mövqelərdə yerləşdiriləcək. Hər cihaz internet bağlantısı vasitəsilə mərkəzi sistemə məlumat ötürəcək.
        Bu layihəni İngiltərənin Premyer Liqasında oxşar sistem üzərində çalışmış Genius Sports şirkəti həyata keçirir. Lakin sistem dərhal istifadəyə verilməyəcək. Hakimlər üçün əlavə təlimlər keçiriləcək, digər stadionlarda da eyni infrastruktur qurulacaq və geniş test mərhələsi aparılacaq.
         CBF-nin hakimlər departamentinin rəhbəri Netto Goes bildirib ki, bu mərhələlər sistemin düzgün işləməsi üçün vacibdir və heç biri buraxılmayacaq. Hazırda iPhone əsaslı ofsayd sisteminin Braziliya çempionatında dəqiq nə vaxt istifadəyə veriləcəyi açıqlanmayıb.
    Paylaş