iPhone 17 Pro Max batareya testlərinin qalibi oldu
Technote.az "MacRumors” platformasına istinadən bildirir ki, CNET tərəfindən 2025-ci il ərzində ABŞ bazarında satılan 35 smartfon üzərində aparılan genişmiqyaslı batareya testləri göstərib ki, Apple batareya ömrü sahəsində sənayedə lider mövqedədir. Testlərin qalibi isə iPhone 17 Pro Max olub.
Hesabata əsasən, Apple və OnePlus orta nəticələrə görə ən güclü batareya performansına malik brendlər kimi önə çıxıb. Fərdi modellər arasında isə iPhone 17 Pro Max ən uzun istifadə müddəti təqdim edən telefon olub. Maraqlıdır ki, bu model test edilən cihazlar arasında ən böyük batareyaya sahib deyil. Onun batareya tutumu 5 088 mAh təşkil edir. Uzunömürlü batareya performansı əsasən Apple-ın silikon çiplərinin enerji səmərəliliyi və proqram optimizasiyası ilə əlaqələndirilir.
Ümumi reytinqdə iPhone 17 və OnePlus 15 ikinci yeri bölüşüb. iPhone 17 bu nəticəni ən kiçik batareya tutumuna malik telefonlardan biri olmasına baxmayaraq əldə edib. Üçüncü pillədə Poco F7 Ultra, dördüncü yerdə isə iPhone 17 Pro qərarlaşıb. Test metodologiyası iki standart sınağa əsaslanıb. Birinci mərhələdə telefonlar maksimum ekran parlaqlığında 3 saat ərzində Wi-Fi üzərindən video yayımı ilə yoxlanılıb. İkinci mərhələ isə 45 dəqiqəlik “davamlılıq testi” olub və bu zaman oyun, video izləmə, sosial şəbəkələrdə skroll, eləcə də videozəng ssenariləri tətbiq edilib. Hər iki testin nəticələri ortalaşdırılaraq yekun reytinq formalaşdırılıb.
Davamlılıq testində də iPhone 17 Pro Max birinci yeri qoruyub saxlayıb. Onu iPhone 17, iPhone 17 Pro və iPhone 16e izləyib. Hesabatda həmçinin Pixel 10, Pixel 10 Pro Fold və Motorola Razr modellərinin də bu testdə yaxşı nəticə göstərdiyi vurğulanıb. Brendlər üzrə orta göstəricilərə əsasən Apple birinci, OnePlus ikinci, Motorola üçüncü, Samsung dördüncü, Google isə beşinci yerdə qərarlaşıb.
Paylaş