iPhone 18 Pro-da 4056 mAh, Pro Max-da 5391 mAh batareya var
“Apple” yeni “iPhone 18 Pro” və “iPhone 18 Pro Max” modellərini təqdim etdikdən sonra sentyabrın 10-da Avropa İttifaqının tələblərinə uyğun enerji etiketlərini yayımlayıb. Sənədlərə əsasən, kiçik modeldə 4056 mAh tutumlu batareya var. Böyük modelin batareya tutumu isə 5391 mAh-dır. Əvvəlki nəsillə müqayisədə “iPhone 18 Pro”nun batareyası 1,45%, böyük modelinki isə 11,8% böyüyüb.
Avropa İttifaqında satılacaq modellərdə fiziki SIM kart yuvası saxlanılıb. Digər bazarlar üçün nəzərdə tutulan versiyalarda bu yuva yoxdur. Boş qalan sahədə isə daha böyük batareya yerləşdirilib. Aİ enerji etiketlərində hər 2 model ümumi göstəriciyə görə A, düşməyə davamlılığa görə B, təmir imkanına görə isə C qiyməti alıb. Telefonlar IP68 standartına uyğun olaraq toz və suya qarşı qorunur. Batareyalar ən az 1000 doldurma dövründən sonra tutumun 80%-ni saxlayacaq şəkildə hesablanıb. “iPhone 18 Pro Max” 1 dəfə doldurulduqda daha uzun müddət işləyir.
“Apple” sentyabrın 9-da keçirilən tədbirdə “iPhone 18 Pro”, “iPhone 18 Pro Max” və qatlanan “iPhone Duo” modellərini təqdim edib. “iPhone 18 Pro” və “iPhone 18 Pro Max” üçün ön sifarişlər 12 sentyabrda başlayacaq, satış isə sentyabrın 18-də açılacaq. Modellərin başlanğıc qiymətləri müvafiq olaraq 1199 dollar (təxminən 2040 manat) və 1299 dollar (təxminən 2210 manat) olacaq. Telefonlar bordo, “glacier” adlı açıq mavi, gümüşü və qara rənglərdə satılacaq.
“iPhone Duo” “Apple” şirkətinin 1-ci qatlanan telefonudur. Model üçün ön sifarişlər oktyabrın 16-da, satış isə oktyabrın 23-də başlayacaq. 256 GB yaddaşlı versiya 1999 dollara (təxminən 3400 manat), 2 TB yaddaşlı ən bahalı seçim isə 3199 dollara (təxminən 5440 manat) təklif olunacaq. Telefon “star white” və “night sky” adlı tünd göy rənglərdə satışa çıxacaq. Adi “iPhone 18” sentyabr seriyasına daxil edilməyib. Bu modelin 2027-ci ilin yazında təqdim olunacağı gözlənilir.
Yeni modelləri tam ödənişlə və ya aylıq ödəniş planı ilə almaq mümkün olacaq. “Apple” həmçinin 24 aylıq icarə seçimi təqdim edib. Bu halda telefon alıcının mülkiyyətinə keçmir, əvəzində istənilən vaxt yeni modelə keçmək mümkündür. Aylıq icarə haqqı “iPhone 18 Pro” üçün 34,99 dollardan (təxminən 59 manat), “iPhone Duo” üçün isə 57,99 dollardan (təxminən 99 manat) başlayır. Ön sifarişlər “Apple Store”, “Best Buy”, “AT&T”, “Verizon” və “T-Mobile” vasitəsilə qəbul ediləcək. “Apple Card” üçün ödəniş planı da qüvvədə qalacaq.
Yeni telefonlarda, o cümlədən qatlanan modeldə 2 nm texnologiyası ilə istehsal olunan “A20 Pro” çipi işləyir. Prosessor “Geekbench 6” testində təknüvəli sınaqda 4719 bal toplayıb, bütün nüvələrin birlikdə işlədiyi sınaqda isə 12677 bal nəticə göstərib. Təknüvəli test prosessorun 1 nüvəsinin, çoxnüvəli test isə bütün nüvələrin ümumi sürətini ölçür. Bu nəticələrə əsasən, “A20 Pro” əvvəlki “A19 Pro” çipindən təxminən 25% sürətli ola bilər.
“Apple” “A20 Pro”nu smartfonlar üçün ən sürətli prosessor adlandırır. Şirkət əvvəlki nəsillə sürət fərqinin 20% olduğunu bildirir. Sızdırılan testdə “A20 Pro”nun maksimum iş tezliyi 4,93 GHz-ə çatıb. “A19 Pro”da bu göstərici 4,26 GHz idi. Yeni prosessorda yüksək sürət üçün 2, enerjiyə qənaət üçün isə 4 nüvə var. Təknüvəli nəticə bəzi müasir kompüter çiplərindən yüksək olsa da, 12677 ballıq çoxnüvəli göstərici onlardan geri qalır. Bununla belə, bu, yalnız 1 testin nəticəsidir və telefonun gündəlik istifadədəki sürətini tam göstərmir. Daha ətraflı testlərin sentyabrın 18-də başlayacaq satışdan əvvəl yayımlanacağı gözlənilir.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...