iPhone 18 Pro-nun 1 TB və 2 TB versiyalarında performans fərqi yarana bilər
Apple-ın gələn il təqdim etməsi gözlənilən iPhone 18 Pro seriyası ilə bağlı yeni bir iddia ortaya çıxıb. Məlumata görə, şirkət yüksək yaddaş tutumuna malik bəzi modellərdə daha yavaş işləyən QLC NAND yaddaş texnologiyasından istifadə edə bilər. Sızdırılan məlumata əsasən, 256 GB və 512 GB yaddaşa sahib iPhone 18 Pro və iPhone 18 Pro Max modellərində SK Hynix, Kioxia və SanDisk tərəfindən istehsal olunan daha sürətli TLC NAND yaddaş çipləri istifadə ediləcək. Lakin 1 TB versiyasında SK Hynix-in QLC yaddaşı ilə Samsung-un TLC çiplərinin qarışığından istifadə edilə bilər. İddialara görə, 2 TB-lıq model isə tamamilə SK Hynix-in QLC yaddaşı ilə təchiz ediləcək.
QLC və TLC arasında əsas fərq məlumatların saxlanma üsulundadır. QLC texnologiyası hər yaddaş hüceyrəsində dörd bit məlumat saxladığı üçün daha yüksək tutum təklif edir və istehsalı daha ucuz başa gəlir. Bununla yanaşı, QLC yaddaşın məlumat oxuma və yazma sürəti TLC ilə müqayisədə daha aşağı hesab edilir və uzunmüddətli etibarlılığı da bir qədər zəif ola bilər. Bununla belə, ekspertlər hesab edirlər ki, bu fərq gündəlik istifadə zamanı əksər istifadəçilər tərəfindən hiss olunmayacaq. Smartfonlarda məlumatların ötürülməsi adətən qısa müddətli əməliyyatlarla həyata keçirildiyindən, performans fərqi əsasən yalnız xüsusi test proqramlarında və benchmark nəticələrində özünü göstərə bilər.
Maraqlıdır ki, oxşar iddialar 2024-cü ildə iPhone 16 Pro seriyası təqdim olunmazdan əvvəl də səsləndirilmişdi. Həmin vaxt da Apple-ın 1 TB və daha böyük yaddaşa malik modellərdə QLC texnologiyasına keçəcəyi bildirilirdi. Lakin sonradan bu məlumat təsdiqini tapmadı və bazarda satılan yüksək yaddaşlı iPhone 16 Pro modellərinin əksəriyyətində TLC yaddaşdan istifadə edildiyi məlum oldu. Bu səbəbdən, hazırkı məlumatlar da hələlik yalnız şayiə xarakteri daşıyır və Apple-ın iPhone 18 Pro seriyasında hansı yaddaş texnologiyasına üstünlük verəcəyi cihazların rəsmi təqdimatından sonra dəqiqləşəcək.
Paylaş