iPhone-da Safari-dən Chrome-a keçid artıq daha asan olacaq
Technote.az “9to5Mac” platformasına istinadən bildirir ki, iPhone istifadəçiləri üçün Safari-dən Chrome-a keçid tezliklə xeyli asanlaşacaq. Google iOS üçün Chrome brauzerində yeni yerli (on-device) məlumat köçürmə funksiyası üzərində çalışır. Bu funksiya istifadəçilərə Safari-dəki baxış məlumatlarını birbaşa Chrome-a idxal etməyə imkan verəcək.
Məlumata görə, yeni “Safari import” aləti iPhone-da Ayarlar > Tətbiqlər > Safari > Export Browsing Data bölməsində yaradılan ZIP fayl üzərindən işləyəcək. Addım-addım köçürmə prosesi zamanı istifadəçi hansı məlumatların ötürüləcəyini özü seçə biləcək. Buraya parollar, kredit kartları, baxış tarixçəsi daxildir. Chrome proses zamanı istifadəçini məlumatların Google hesabında saxlanılacağı barədə xəbərdar edir. Köçürmə tamamlandıqdan sonra isə ZIP faylın şəxsi məlumatlar ehtiva etdiyini bildirərək onu dərhal silmək üçün sürətli seçim təqdim edir. Bu da məxfilik baxımından əlavə təhlükəsizlik yaradır.
Funksiya hazırda iOS üçün Chrome 145 versiyasında TestFlight istifadəçiləri ilə sınaqdan keçirilir. Hazırda stabil versiya Chrome 144 olduğu üçün yeniliyin yaxın həftələrdə hamı üçün əlçatan olması gözlənilir.
Paylaş