iPhone Fold gecikə bilər
Technote.az “Apple Insider” platformasına istinadən bildirir ki, Apple-ın uzun müddətdir gözlənilən qatlanan smartfonu iPhone Fold planlaşdırılandan daha gec təqdim oluna bilər. Yeni məlumata görə, erkən istehsal sınaqları zamanı ortaya çıxan texniki problemlər səbəbindən cihazın kütləvi istehsal qrafiki risk altına düşüb.
Asiya mətbuatında yayılan xəbərlərə əsasən, Apple tədarük zəncirindəki tərəfdaşlarını mümkün gecikmə barədə artıq xəbərdar edib. Mənbələrin bildirdiyinə görə, ilkin test istehsalı mərhələsində gözləniləndən daha çox texniki çətinlik yaranıb və problemlərin aradan qaldırılması üçün əlavə vaxta ehtiyac var.
Şirkətin planına əsasən, Apple 2026-cı ildə satış üçün təxminən 7–8 milyon ədəd iPhone Fold istehsal etməyi hədəfləyirdi. Bu rəqəm həmin il üçün planlaşdırılan ümumi iPhone istehsalının 10 faizindən də az hissəsini təşkil edir. Yəni cihaz əsas məhsul deyil, daha çox premium və məhdud seqment üçün nəzərdə tutulmuş model kimi planlaşdırılır.
Məlumatda qeyd olunur ki, aprel ayı mühəndislik yoxlama testləri baxımından kritik mərhələ sayılır və mayın əvvəlinə qədər veriləcək qərarlar layihənin taleyini müəyyən edə bilər. Əgər mövcud problemlər vaxtında həll olunmasa, kütləvi istehsal aylarla gecikə bilər.
Paylaş