Logo
    main-post-cover

    iPhone SE 2025?: Apple növbəti təqdimat tədbirini anons edib

    Cihazlar+
    14.02.2025
    Emil
         Son vaxtlar internetdə Apple-ın yaxın zamanda bir sıra yeni məhsullar təqdim edəcəyi ilə bağlı çoxlu şayiələr yayılıb. Şirkətin baş direktoru Tim Cook, X (keçmiş Twitter) sosial şəbəkəsində sirli bir tizer paylaşaraq tezliklə elan ediləcək yenilikləri təsdiqləyib. "Ailənin yeni üzvü ilə tanış olmağa hazır olun" - deyə Tim Cook qeyd edib və əlavə edib ki, Apple-ın yeni məhsulları 19 fevral, çərşənbə günü təqdim olunacaq. Digər detallar açıqlanmayıb, lakin Cook paylaşımına qısa bir video əlavə edib. Videoda gümüşü rəngdə parlayan Apple loqosu görünür. Görünən odur ki, Apple 19 fevralda yeni orta büdcəli iPhone SE 2025 smartfonunu təqdim edəcək.
    View post on X
         Qeyri-rəsmi məlumatlara görə, yeni iPhone SE xarici görünüşcə iPhone 14-ə bənzəyəcək. Smartfon 60 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.06 düym ölçülü OLED ekranla təchiz olunmalıdır. Son məlumat sızıntılarına əsasən onun ekranı üzərində Dynamic Island əvəzinə ənənəvi çıxıntı hissə yerləşəcək. Lakin daxili xüsusiyyətlər baxımından yeni iPhone SE modeli iPhone 16-ya daha yaxın olmalıdır. Məlumat sızıntıları iPhone SE 2025-in Apple A18 prosessoru və 8 GB RAM ilə təchiz olunacağını göstərir. Bu da Apple Intelligence ekosisteminin süni zəka funksiyalarını dəstəkləməyə imkan verəcək.
         Bununla yanaşı, smartfonun arxa panelində yalnız bir əsas kamera olacaq. Qiymətə gəlincə, yeni iPhone SE-nin satış qiymətinin 499$-dan başlayacağı gözlənilir. Bu da 2022-ci ildə buraxılmış əvvəlki nəsil modeldən 70$ daha bahadır. Apple-ın digər məhsulları da təqdim etmə ehtimalı var. Son şayiələr əsasən tezliklə M4 prosessorlu MacBook Air, M3 prosessorlu yeni iPad Air və 11-ci nəsil adi iPad-ın təqdim ediləcəyini göstərirdi. Tim Cook-un paylaşmış olduğu tizerdə bəzi istifadəçilər yeni AirPods-a işarə olduğunu düşünüblər. Lakin ən çox ehtimal olunan elan 4-cü nəsil iPhone SE-nin təqdimatıdır.
    Mənbə: Tim Cook
    Paylaş