İstifadəçi təzyiqi nəticə verdi: Adobe Animate bağlanmır
Technote.az “Ars Technica” platformasına istinadən bildirir ki, istifadəçilərin kəskin etirazından sonra Adobe 30 ilə yaxındır mövcud olan 2D animasiya proqramı Adobe Animate-i bağlamaq qərarından geri çəkilib.
Adobe bazar ertəsi açıqlamışdı ki, Animate üçün yeni abunəliklərin satışı 1 mart tarixindən dayandırılacaq. Şirkət proqramın artıq “öz missiyasını tamamladığını” bildirmiş, mövcud istifadəçilərə isə məhdud müddətə texniki dəstəyin davam edəcəyini demişdi. Fərdi istifadəçilər üçün bu tarix 1 mart 2027, biznes müştəriləri üçün isə 1 mart 2029 olaraq göstərilmişdi. Daha da narahatedici məqam isə istifadəçilərin 2027-ci ildən sonra öz Animate fayllarına və layihələrinə giriş imkanını itirəcəyi ilə bağlı idi. Proqramın aylıq qiyməti 23 dollar təşkil edir.
Bu açıqlama animasiya icması arasında ciddi narazılıq yaradıb. Sosial şəbəkələrdə və Adobe forumlarında başlayan tənqid dalğasından sonra şirkət cəmi bir gün ərzində qərarını dəyişib. Adobe çərşənbə axşamı gecə yayımladığı yeni açıqlamada Animate-in bağlanmadığını və proqramın həm mövcud, həm də yeni istifadəçilər üçün əlçatan qalacağını təsdiqləyib.
Şirkət bildirib ki, Animate texniki dəstək, təhlükəsizlik yeniləmələri və səhv düzəlişləri almağa davam edəcək, lakin yeni funksiyalar əlavə olunmayacaq. Adobe həmçinin əvvəlki açıqlamanın “istifadəçilərdə çaşqınlıq və narahatlıq yaratdığını” etiraf edib.
Paylaş