Logo
    main-post-cover

    JBL idman qulaqlıqları xəttini genişləndirir

    Cihazlar+
    05.01.2026
    Sevinc
        Technote.az “The Verge” platformasına istinadən bildirir ki, JBL idman üçün nəzərdə tutulmuş Endurance qulaqlıq seriyasını genişləndirərək dörd yeni modelini təqdim edib. Yeni modellər fərqli istifadə ssenarilərinə uyğun olaraq açıq qulaq (open-ear), aktiv səsboğma (ANC) funksiyalı qapalı dizayn və daha sərfəli simli variantları əhatə edir. Qiymətlər isə 24.95 dollardan başlayaraq 179.95 dollara qədər dəyişir.
    JBL Endurance PEAK 4 Wireless in-ear headphones (BT)
        Endurance seriyasının ən üst modeli Endurance Zone hesab olunur. Bu, JBL-in ilk açıq qulaq tipli idman qulaqlıqlarıdır. OpenSound texnologiyası sayəsində istifadəçi musiqi dinləyərkən ətraf mühitin səslərini də eşidə bilir. Elastik qulaq qarmağı (earhook) dizaynı məşq zamanı qulaqcıqların sabit qalmasını təmin edir. 18×11 mm ölçülü dinamiklər səs sızmasını minimuma endirir, hər qulaqlıqda yerləşən iki mikrofon isə zənglər zamanı səsin aydın ötürülməsinə kömək edir. Endurance Zone IP68 qoruma sertifikatına malikdir, Bluetooth 5.3 istifadə edir və multipoint bağlantını dəstəkləyir. Batareya bir şarjla 8 saat, qutusu ilə birlikdə isə ümumilikdə 32 saata qədər işləmə imkanı yaradır. Qiyməti 179.95 dollardır.
        Endurance Peak 4 modeli Peak seriyasında ilk dəfə adaptiv səsboğma (ANC) və “Smart Ambient” rejimi təqdim edir. Bu funksiya qaçış və velosiped sürərkən ətraf mühitdən xəbərdar olmağa imkan verir. 10 mm dinamiklər vasitəsilə spatial sound dəstəyi təqdim edən yeganə model də məhz Peak 4-dür. Qulaq qarmaqlı dizayn, IP68 qoruması, Bluetooth 5.4 və 48 saata qədər ümumi batareya ömrü bu modeli daha peşəkar idmançılar üçün cəlbedici edir. Qiyməti 129.95 dollardır.
        Daha sadə açıq qulaq alternativi axtaranlar üçün Endurance Pace modeli təqdim olunub. Bu qulaqcıqlar true wireless deyil, boyun üçün nəzərdə tutulmuş lent (neckband) dizaynına malikdir. OpenSound texnologiyası ilə təchiz olunan Pace modeli musiqi üçün 10 saat, zənglər üçün isə 8 saat batareya ömrü təklif edir. 10 dəqiqəlik sürətli şarj isə əlavə 4 saat istifadə imkanı yaradır. Qiyməti 89.95 dollardır. Seriyanın ən sərfəli modeli isə Endurance Run 3 simli qulaqcıqlarıdır. 8 mm dinamiklərə malik bu model USB-C və ya 3.5 mm çıxış variantları ilə satışa çıxacaq. USB-C versiyası hi-res audio dəstəkləyir və kabel üzərində 3 düyməli idarəetmə blokuna malikdir. 3.5 mm variant isə daha sadədir və bir düyməli idarəetmə ilə təchiz olunub. Hər iki versiya IP65 qoruma sertifikatına malikdir. Qiymətlər müvafiq olaraq 34.95 və 24.95 dollardır.
        JBL-in yeni Endurance qulaqlıqları ABŞ bazarında gələn aydan etibarən satışa çıxarılacaq.
    Paylaş