Keçmiş Spotify mühəndislərindən e-ticarət üçün yeni AI platforması
Spotify-ın tövsiyə sisteminin hazırlanmasında iştirak etmiş keçmiş əməkdaşlar Sidd Motvani, İan Anderson və Şivaditya Sinha yeni yaratdıqları Malachyte startapı üçün 10 milyon dollarlıq seed investisiya cəlb ediblər. Şirkət Spotify-da istifadə olunan istifadəçi davranışlarını analiz edən süni intellekt texnologiyasını indi onlayn mağazalara gətirməyi hədəfləyir. Malachyte hesab edir ki, hazırda əksər e-ticarət platformaları istifadəçilərə köhnə alış-verişləri və ya demoqrafik məlumatları əsasında məhsullar təklif edir. Bu isə xüsusilə ilk dəfə sayta daxil olan istifadəçilərin hamısına eyni vitrin və eyni məhsulların göstərilməsinə səbəb olur.
Şirkətin hazırladığı platforma isə istifadəçinin yalnız keçmiş alış-veriş tarixçəsinə deyil, hazırda saytda etdiyi hərəkətlərə əsasən onun niyyətini müəyyən etməyə çalışır. Sistem səhifənin açıldığı ilk andan etibarən cihaz, keçid mənbəyi və istifadəçinin klikləri, axtarışları, səhifədə gəzişməsi kimi siqnalları analiz edərək real vaxt rejimində fərdiləşdirilmiş məhsul tövsiyələri təqdim edir.
Malachyte texnologiyasını 2024-cü ildən inkişaf etdirir və bu müddətdə səyahət, ərzaq və pərakəndə satış sahələrində fəaliyyət göstərən 20-dən çox iri şirkətlə sınaqlar keçirib. Platforma ilk dəfə 2025-ci ilin payızında Fun.com saytında istifadəyə verilib. 2026-cı ilin iyun ayından etibarən isə Shopify mağazaları üçün rəsmi inteqrasiya kimi təqdim olunur. Böyük e-ticarət şirkətləri isə xidməti API vasitəsilə sistemlərinə qoşa bilirlər.
Paylaş
