
Kiçik batareya həcmi səbəbilə iPhone 17 Air batareyalı keysi əldə edə bilər
Cihazlar+
05.05.2025
Emil
Apple-ın perspektivli smartfonu iPhone 17 Air, son dərəcə nazik gövdəyə malik olduğu üçün əvvəlki nəsil iPhone-lar ilə müqayisədə daha kiçik həcmli batareyaya sahib olacaq. Şirkət bu çatışmazlığı xüsusi batareyalı qoruyucu keys vasitəsilə kompensasiya etməyi planlaşdırır. MacRumors-un məlumatına görə, daxili testlər zamanı müəyyən edilib ki, istifadəçilərin yalnız 60-70%-i iPhone 17 Air modelindən gün ərzində əlavə enerji yığmadan istifadə edə biləcək. Müqayisə üçün, digər iPhone modellərində bu göstərici 80-90% təşkil edir. İstifadə müddətinin azalması cihazın rekord dərəcədə nazik - cəmi 5.5 mm qalınlığında - dizaynı ilə əlaqədardır.

Avtonomluq problemini həll etmək istiqamətində Apple-ın iPhone 17 Air modeli üçün əlavə aksesuar olaraq xüsusi enerji yığan qoruyucu keys buraxmağı planlaşdırdığı ehtimal olunur. Bu keys smartfonu yalnız qorumayacaq, eyni zamanda onun çalışma müddətini əhəmiyyətli dərəcədə uzadacaq. Maraqlıdır ki, Apple sonuncu dəfə bu cür keysləri iPhone 11 üçün təqdim etmişdi, daha sonra isə iPhone 12 və daha yeni modellər üçün MagSafe Battery Pack istehsal olunmuşdu (bu aksesuar sonradan satışdan çıxarılıb).

Bundan əlavə, məlum olub ki, iPhone 17 Air modelinin əsas komplektasiyasına cəmi bir dinamik, bir kamera daxil olacaq və cihazda SIM kart girişi olmayacaq. Gözlənilir ki, iPhone 17 Air sentyabr 2025-ci ildə təqdim olunacaq, lakin hələlik enerji yığan keysin əsas komplektasiyaya daxil olub-olmayacağı və ya ayrıca satılıb-satılmayacağı barədə dəqiq məlumat yoxdur. Həmçinin bildirilir ki, Apple-ın təchizatçıları bu modelin unikal form-faktoruna görə tələbat səviyyəsi ilə bağlı hələ də əmin deyillər. Buna görə də iPhone 17 Air-in istehsalının ilkin mərhələsində onlar mövcud istehsal gücünün cəmi 10%-ni bu modelin yığılmasına ayırmağı planlaşdırırlar.
Mənbə: Macrumors
Paylaş
Ən çox oxunanlar

Samsung qlobal smartfon bazarındakı liderliyini geri qaytarıb
