main-post-cover

    Köhnə iPhone modellərinin performanslarının artırılması üzrə sadə üsul aşkar edilib

    Cihazlar+
    24.08.2021
    Emil Nəcəfov
        Apple dəfələrlə köhnə iPhone modellərinin bilərəkdən zəiflədilməsində günahlandırılıb. Bu məsələyə dair növbəti sübutu Çindən olan iPhone istifadəçiləri aşkar ediblər. Nəticədə onlar köhnə iPhone modellərinin zəiflədilməsi prosesindən yan keçmək üzrə təlimatı təqdim ediblər. Bunun üçün heç bir iOS yenilənməsini reallaşdırmaq lazım deyil. Hələ bir neçə müddət bundan öncə Fransa hökuməti köhnə iPhone modellərinin bilərəkdən zəiflədilməsi məsələsi ilə bağlı Apple şirkətini cərimələmişdi. Qeyd etmək lazımdır ki, köhnə iPhone modellərinin zəiflədilməsi onların prosessorlarının tezliklərinin aşağı salınması hesabına reallaşdırılır.
        Fransa hökumətinin qərarı ilə Apple şirkəti köhnə iPhone modellərinin prosessorları üçün olan proqram məhdudlaşdırıcılarını deaktiv etməyə məcbur qalmışdı. Lakin bununla belə şirkət bildirmişdi ki, məhdudlaşdırıcı tədbirlərin deaktiv edilməsi smartfonun çalışma müddətinə mənfi təsir göstərir. Belə ki, smartfonun batareya həcmi müəyyən müddətdən sonra azalır. Çindən olan bəzi iPhone istifadəçiləri də məhz bu lifehack-dan istifadə ediblər. Onların sözlərinə əsasən regional ayarlarda ölkəni Fransaya dəyişəndən sonra köhnə iPhone modelləri həqiqətən də sürətlə çalışmağa başlayırlar.
        Bu təcrübə iPhone 7 üzərində yoxlanılıb. Belə ki, regional ayarlarda ölkənin Fransaya dəyişdirilməsindən öncə iPhone 7 modeli Geekbench bençmark saytında 286.632 xal toplayıb. Lakin ölkənin Fransaya dəyişdirilməsindən sonra həmin smartfon Geekbench-də 298.321 xal toplayıb. Təcrübəni reallaşdırmış şəxslərin sözlərinə əsasən smartfonun performans göstəricisinin yüksəlməsi məhz prosessor gücünün artırılması hesabına baş verir. Maraqlısı ondadır ki, bu üsul məhz köhnə iPhone modellərində keçərlidir. Məsələn iPhone 12 Pro-da yoxlanılmış bu üsul heç bir ciddi dəyişikliyə səbəb olmayıb.
    Linki kopyala