LG ultra nazik Wallpaper OLED TV-ni yenidən təqdim etdi
Technote.az “The Verge” platformasına istinadən bildirir ki, LG altı ildən sonra ultra nazik dizaynı ilə tanınan Wallpaper OLED TV seriyasını yenidən səhnəyə çıxarıb. Şirkət LG OLED evo W6 modelini CES sərgisində təqdim edib.
Yeni W6 modeli cəmi 9 mm qalınlığa malikdir. Bu göstərici əvvəlki nəsildən bir qədər qalın olsa da, tamamilə yenidən dizayn edilmiş daxili arxitektura sayəsində televizor divara tam sıfır məsafə ilə yerləşdirilir. Yeni divar montaj sistemi və Zero Connect Box texnologiyası sayəsində televizorla qurğu arasında heç bir kabel olmur. Yalnız enerji üçün qoşulma tələb edilir. Zero Connect Box isə 10 metrədək məsafədə yerləşdirilə bilər və bütün əsas giriş portlarını özündə birləşdirir.
LG W6 modeli Hyper Radiant Color Technology ilə təchiz olunub. Bu texnologiya qara rənglərin dərinliyini, rəng dəqiqliyini və parlaqlığı əhəmiyyətli dərəcədə yaxşılaşdırır. Televizor həmçinin sənayedə ən aşağı əks etdirmə səviyyəsinə malik LG TV-si kimi Intertek tərəfindən “Reflection Free with Premium” sertifikatı alıb. Yeni Brightness Booster Ultra texnologiyası OLED panellərin parlaqlığını daha da artırır. LG bildirir ki, bu texnologiya G6 modelində əvvəlki G5 ilə müqayisədə 20 % daha yüksək parlaqlıq təmin edir. W6 modelinin maksimum parlaqlıq dəyəri isə hələ açıqlanmayıb.
Paylaş