“Liquid Glass Display” iPhone çərçivələrini yox edə bilər
Technote.az “Apple Insider” platformasına istinadən bildirir ki, Apple-ın gələcək iPhone modellərində istifadə ediləcək yeni ekran texnologiyası ilə bağlı maraqlı iddia ortaya çıxıb. Sızıntıları ilə tanınan Ice Universe bildirir ki, şirkət “Liquid Glass Display” adlandırılan yeni nəsil ekran üzərində işləyir. İddialara görə, bu ekran klassik “curved” (əyri) displeylərdən fərqli olacaq. Yəni Android telefonlarda gördüyümüz kəskin kənar əyilmələri burada tətbiq edilməyəcək. Əvəzində, çox incə və demək olar ki, hiss olunmayan bir əyrilikdən istifadə olunacaq.
Bu texnologiyanın əsas məqsədi ekran çərçivələrini vizual olaraq demək olar ki, tamamilə yox etməkdir. Bunun üçün Apple optik refraksiya (işığın sınması), işıq yönləndirici strukturlar və şüşə üzərində xüsusi işlənmiş texnologiyalardan istifadə etməyi planlaşdırır. Nəticədə ekranın kənarları “maye kimi axan” bir görüntü yaradacaq və istifadəçi üçün daha bütöv, sərhədsiz bir ekran hissi formalaşacaq.
Maraqlıdır ki, bu yanaşma əslində fiziki olaraq çox böyük dəyişiklik etmədən, optik illüziya vasitəsilə çərçivələri gizlətməyə yönəlib. Yəni Apple real əyrilikdən çox, vizual effektə fokuslanır. Qeyd edək ki, Apple artıq uzun illərdir tam şüşədən ibarət iPhone dizaynları üzərində işləyir. Şirkətin bu istiqamətdə bir neçə patenti də mövcuddur. Daha əvvəl yayılan məlumatlara əsasən, bu cür innovativ dizaynın ən real tətbiq oluna biləcəyi model isə iPhone-un 20 illik yubiley versiyasıdır.
Hazırda bu texnologiyanın hansı modeldə və nə zaman təqdim olunacağı dəqiq bilinmir. Lakin ehtimallara görə, “Liquid Glass Display” 2027-ci ildə təqdim ediləcək yubiley iPhone-da debüt edə bilər.
Paylaş