Logitech G Cloud 2 planlarını təxirə salıb
Logitech yaxın zamanda yeni portativ oyun cihazı təqdim etməyi planlaşdırmır. Şirkətin oyun bölməsinin yeni rəhbəri Robin Piispanen bildirib ki, hazırda Logitech G Cloud-un ikinci nəslini hazırlamaq şirkətin prioritetləri arasında deyil. Logitech 2022-ci ildə bulud üzərindən oyun oynamaq üçün nəzərdə tutulmuş G Cloud cihazını 350 dollar qiymətinə təqdim etmişdi. Lakin məhsul gözlənilən uğuru əldə edə bilmədi. Piispanen-in sözlərinə görə, G Cloud-u alanların təxminən 80 %-i cihazı sınaqdan keçirdikdən sonra ondan aktiv istifadə etməyib.
Şirkət hesab edir ki, bunun əsas səbəblərindən biri bulud oyun xidmətlərinin gözlənilən sürətlə inkişaf etməməsi olub. Piispanen qeyd edib ki, bulud oyun infrastrukturu bahalıdır və böyük xidmət təminatçıları bu istiqamətdə kifayət qədər sürətli irəliləməyiblər. Logitech rəhbəri tam müstəqil şəkildə oyunları işlədə bilən, Steam Deck kimi portativ cihazın hazırlanması ehtimalını da istisna etməyib. Bununla belə, belə bir məhsul hazırlanarsa, Logitech-in başqa şirkətlə əməkdaşlıq etməsi daha real görünür. Piispanen-in sözlərinə görə, şirkətin əsas güclü tərəfləri cihaz dizaynı və idarəetmə həlləridir.
Bununla yanaşı, Logitech portativ oyun cihazları bazarını hazırda çətin biznes hesab edir. Piispanen Nintendo və Valve kimi şirkətlərin həm cihaz, həm də oyun ekosisteminə sahib olduğunu, digər istehsalçıların isə aşağı mənfəət marjası ilə işləməli olduğunu vurğulayıb.
Paylaş
