Logitech macOS istifadəçilərini çətin vəziyyətdə qoyub
Technote.az “The Verge” platformasına istinadən bildirir ki, macOS istifadəçiləri son günlərdə Logitech siçanları ilə bağlı qəribə problemlərlə üzləşiblər. Şirkətin siçan və klaviaturalar üçün nəzərdə tutulmuş Logi Options Plus proqramı bir çox istifadəçidə işləməyib və fərdiləşdirilmiş funksiyaların deaktiv olmasına səbəb olub.
Reddit istifadəçilərinin bildirdiyinə görə, siçanın sürüşdürmə istiqaməti dəyişib, əlavə düymələr düzgün işləməyib. Logitech sonradan problemin yalnız Logi Options Plus-la məhdudlaşmadığını, oyun avadanlıqları üçün nəzərdə tutulmuş Logitech G Hub proqramının da təsirləndiyini təsdiqləyib. Şirkətin rəsmi dəstək səhifəsində verilən məlumata əsasən, problem proqramların işləməsi üçün tələb olunan sertifikatın vaxtının bitməsi ilə bağlı olub. Windows istifadəçiləri bu problemdən təsirlənməyib. Çünki macOS əməliyyat sistemi etibarlı Developer ID sertifikatı olmayan tətbiqlərin tam işləməsinə icazə vermir.
Logitech artıq problemi aradan qaldıran xüsusi bir düzəliş (patch) yayımlayıb. Yeniləmə avtomatik quraşdırılmır, çünki sertifikat problemi tətbiqin daxili yeniləmə mexanizminə də təsir edib. Şirkət bildirir ki, düzəliş quraşdırıldıqdan sonra istifadəçilərin mövcud ayarları, profilləri və fərdiləşdirmələri silinməyəcək. Hazırkı düzəliş macOS 26 Tahoe, macOS 15 Sequoia, macOS 14 Sonoma və macOS 13 Ventura versiyalarını əhatə edir. Daha köhnə macOS versiyaları üçün yeniləmənin isə sonradan təqdim ediləcəyi bildirilib.
Paylaş
Bənzər xəbərlər