Logitech qatlanan yeni simsiz siçan hazırlayır
Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Logitech qatlanan yeni simsiz siçanı üzərində çalışır. Sızdırılan görüntülərə əsasən, yeni model həm kompakt dizaynı, həm də portativliyi ilə xüsusilə noutbuk istifadəçilərini hədəfləyir. Şirkət iddia edir ki, bu siçan laptopun trackpad-i ilə müqayisədə əzələ gərginliyini 22 faiz azaldır.
Yeni Logitech siçanı dizayn baxımından Microsoft şirkətinin Surface Arc Mouse və Lenovo şirkətinin Yoga Mouse modellərinə bənzəyir. Lakin əsas fərq ondadır ki, Logitech-in modeli sadəcə düzləşmir, eyni zamanda “qatlanan telefon” kimi iki hissəyə bükülür. Bu da onu cibdə və ya çantada daşımağı daha rahat edir.
Sızdırılan məlumatlara görə, cihaz ənənəvi skroll təkəri əvəzinə “Adaptive Touch Scrolling” adlı toxunma səthindən istifadə edəcək. İstifadəçilər bu hissə üzərində barmaq hərəkəti ilə səhifəni sürüşdürə biləcəklər. Həmin toxunma sahəsində görünən yaşıl işığın isə Bluetooth bağlantısını göstərdiyi bildirilir.
Yeni model eyni anda 3 fərqli cihazla qoşula biləcək və həm sağ, həm də sol əl ilə istifadəyə uyğun hazırlanıb. Logitech həmçinin bu siçanın dizayn baxımından şirkətin portativ “Keys-to-Go 2” klaviaturası ilə uyğun olduğunu vurğulayır. Hazırda cihazın texniki göstəriciləri, batareya ömrü, qiyməti və satış tarixi barədə rəsmi məlumat yoxdur. Bunun üçün Logitech-in rəsmi təqdimatını gözləmək lazım gələcək.
Paylaş