Logo
    main-post-cover

    Los-Anceles etirazlarında oğurlanmış iPhone-lar axtarış trekerinə çevrilib

    Cihazlar+
    17.06.2025
    Emil
         Los-Ancelesdə son kütləvi etirazlar və iğtişaşlar zamanı şəhər mərkəzində yerləşən Apple-ın rəsmi mağazası qarət edilib. Lakin oğrular ciddi şəkildə məyus olublar. Oğurlanmış iPhone-lar tamamilə yararsız çıxıb, çünki onların bloklanma sistemi işə düşüb və cihazlar hüquq-mühafizə orqanları tərəfindən izlənilib. Apple öz mağazalarında belə bir texnologiyadan istifadə edir. Nümayiş üçün nəzərdə tutulan cihazlar mağaza ərazisindən kənara çıxan kimi avtomatik bloklanır. iPhone mağazanın Wi-Fi zonasını tərk edən kimi dərhal kilidlənir və ekranında bu cihazın Apple mağazasına qaytarılması tələb olunan bildiriş, yerinin izlənildiyi barədə xəbərdarlıq və hüquq-mühafizə orqanlarına oğurluq barədə avtomatik məlumat göndərildiyi bildirilir.
         Eyni zamanda səs siqnalı işə düşür ki, bu da cihazın qara bazarda satılmasını və ya aktivləşdirilməsini qeyri-mümkün edir. Bu cür mühafizə sistemi yeni deyil. Məsələn, 2020-ci ildə baş verən iğtişaşlar zamanı ABŞ-da qarətçilər artıq bu texnologiya ilə qarşılaşmışdılar. Oğurlanmış iPhone-lar “kərpicə” çevrilirdi. Bu texnologiya cihazın yerinin izlənməsi və şəbəkə monitorinqi vasitəsilə işləyir. Telefon mağazanın təhlükəsiz zonasından kənara çıxan kimi bloklanır və onun koordinatları polisə ötürülür. Son Los-Anceles hadisəsində isə azı 3 nəfər həbs edilib. Onlardan biri hadisə yerində saxlanılıb, digər ikisi isə qarətdə iştiraka görə tutulub. Bu vəziyyət, xüsusilə Kaliforniyada pərakəndə oğurluqlara qarşı mübarizənin gücləndirilməsi ilə bağlı daha geniş tendensiyanın bir hissəsidir.
         Bu cür halların artmasından sonra hakimiyyət artıq yumşaq yanaşmalardan imtina edib. Bu dəyişikliklər, oğurlanmış əşyaların dəyərindən asılı olmayaraq sərt cəza tətbiqinə imkan verən Proposition 36 qanununun qəbul edilməsi ilə mümkün olub. Həmçinin, təşkilatlanmış qruplar tərəfindən törədilən oğurluqlara görə məsuliyyət daha da sərtləşdirilib. Lakin Cənubi Kaliforniya prokurorları daha sərt cəzaların tətbiqini tələb edirlər - xüsusən fövqəladə hallar zamanı törədilən cinayətlərə görə. Onlar talançılığı ağır cinayət kimi tanımağı, həbs müddətlərini artırmağı və şübhəlilərin vaxtından əvvəl azadlığa buraxılmasını qadağan etməyi təklif edirlər. Hakimiyyət nümayəndələrinin fikrincə, bu tədbirlər etirazlar və ya təbii fəlakətlər zamanı vəziyyətdən sui-istifadə edən cinayətkarları dayandırmağa kömək etməlidir.
    Paylaş