MacBook Neo gözləniləndən daha populyar oldu
Technote.az “Apple Insider” platformasına istinadən bildirir ki, Apple şirkətinin mart ayında satışa çıxardığı yeni MacBook Neo modeli qısa müddətdə böyük maraq görüb. 599 dollarlıq başlanğıc qiyməti ilə təqdim edilən noutbuk bir çox bazarda sürətlə tükənib və hazırda bəzi rəng və konfiqurasiyalar üzrə çatdırılma müddəti həftələrlə uzanıb.
Məlumata görə, şirkət artan tələbatı qarşılamaq üçün ilkin istehsal planını ikiqat artırmağa qərar verib. Analitik Tim Culpan bildirir ki, Apple bunun üçün əlavə A18 Pro çipləri sifariş etməli olacaq.
MacBook Neo-da istifadə olunan A18 Pro prosessoru əslində əvvəllər iPhone 16 Pro üçün nəzərdə tutulmuş çiplərin xüsusi versiyasıdır. Bu çiplərin bəzi nümunələrində 6 GPU nüvəsindən biri tam işləmədiyi üçün onlar iPhone modellərində istifadə edilməyib. Apple isə həmin 5 aktiv GPU nüvəli çipləri MacBook Neo üçün dəyərləndirib.
Satışların sürətlə artması şirkətin əlindəki ehtiyatların azalmasına səbəb olub. Analitiklər hesab edir ki, Apple artıq yeni A18 Pro çipləri istehsal etdirməli olacaq və bu, şirkətin maya dəyərini artıra bilər. Çünki həm DRAM yaddaş qiymətləri yüksəlib, həm də yeni çiplərin tam funksional 6 GPU nüvəli variantlardan hazırlanacağı gözlənilir. Apple əlavə nüvəni deaktiv edərək onları yenə 5 nüvəli formada istifadə edə bilər.
Bəzi iddialara görə, şirkət artan xərclərə görə gələcəkdə 599 dollarlıq baza modelini satışdan çıxara və yalnız 699 dollarlıq 512 GB versiyanı saxlaya bilər. Apple daha əvvəl oxşar addımı Mac mini modelində də atmışdı. Bununla belə, analitiklər düşünür ki, MacBook Neo-nun uğurunun əsas səbəblərindən biri məhz münasib 599 dollarlıq qiymətdir və Apple bu üstünlüyü qorumağa çalışacaq.
Paylaş