Logo
    main-post-cover

    Macbook Neo performans baxımından M1 MacBook Air-ə yaxın çıxdı

    Cihazlar+
    06.03.2026
    Ilhama
        Technote.az “Apple Insider” platformasına istinadən bildirir ki, MacBook Neo üçün ilk performans testləri açıqlanıb və nəticələr gözlənildiyi kimi iPhone 16 Pro ilə demək olar ki, eyni səviyyədədir. Bu isə cihazın performans baxımından MacBook Air (M1) modelinə yaxın olduğunu göstərir.
        Apple yeni təqdim etdiyi MacBook Neo modelində kompüterlər üçün nəzərdə tutulan M seriyalı çip əvəzinə, iPhone-larda istifadə olunan A18 Pro prosessorundan istifadə edib. Erkən benchmark nəticələrini ilk dəfə MacRumors aşkar edib və cihazın texniki göstəricilərinin iPhone 16 Pro ilə demək olar ki, eyni olduğunu göstərib.
         Geekbench testlərinə görə MacBook Neo 3,461 single-core və 8,668 multi-core nəticə əldə edib. Müqayisə üçün, M1 çipli MacBook Pro modeli 2,235 single-core və 7,901 multi-core nəticə göstərir. Bu isə yeni modelin tək nüvəli performansda əhəmiyyətli irəliləyiş əldə etdiyini göstərir.
        Qrafik performans testində isə M1 çipli MacBook Air cüzi üstünlük nümayiş etdirib. Metal testində MacBook Air 31,912, MacBook Neo isə 31,286 xal toplayıb. Buna baxmayaraq, gündəlik istifadə zamanı iki cihaz arasında ciddi performans fərqi hiss edilməyəcəyi qeyd olunur.
         Apple MacBook Neo modelini əsasən 599 dollarlıq qiymət seqmentini hədəfləmək üçün hazırlayıb. Şirkət bu qiyməti əldə etmək üçün bəzi premium xüsusiyyətləri çıxarıb və cihazı əvvəl Walmart-da endirimlə satılan 699 dollarlıq M1 MacBook Air modelinin birbaşa əvəzləyicisi kimi təqdim edir.
         MacBook Neo 256 GB yaddaşla 599 dollara satılır. İstifadəçilər əlavə 100 dollar ödəyərək 512 GB yaddaş və Touch ID funksiyasını əldə edə bilərlər. Cihaz artıq ön sifariş üçün açıqdır və satışlar 11 martdan başlayacaq.
    Paylaş