Mave Health diqqət və əhvalı yaxşılaşdıran beyin stimullaşdırıcı cihaz təqdim etdi
Son illərdə depressiya, stress, narahatlıq və yuxu problemləri kimi psixoloji çətinlikləri texnologiya vasitəsilə azaltmağı hədəfləyən geyilə bilən cihazların sayı sürətlə artır. Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, ABŞ-nin San-Fransisko şəhərində yerləşən Mave Health startapı da bu sahəyə qoşularaq diqqəti və əhval-ruhiyyəni yaxşılaşdırdığını bildirdiyi yeni neyromodulyasiya qulaqlığını təqdim edib.
Şirkətin 495 dollar dəyərində olan cihazı beyinə zəif elektrik impulsları göndərərək neyron fəaliyyətini stimullaşdıran transkranial birbaşa cərəyan stimullaşdırması (tDCS) texnologiyasından istifadə edir. Startap cihazı tibbi məhsul kimi deyil, həyat tərzi kimi təqdim edir ki, bu da ABŞ Qida və Dərman Administrasiyasının (FDA) təsdiq prosesindən keçmədən satışa çıxarılmasına imkan yaradır.
Mave Health 2023-cü ildə Dhawal Jain tərəfindən Jai Sharma və Aman Kumar ilə birlikdə təsis edilib. Təxminən 100 qram çəkisi olan qulaqlıq beyinə 1–2 mA gücündə aşağı intensivlikli elektrik cərəyanı ötürür. Şirkət istifadəçilərə ilk həftələrdə gündə təxminən 20 dəqiqəlik seanslar tövsiyə edir. Cihazla birlikdə təqdim edilən mobil tətbiq istifadəçinin əhvalı, diqqət səviyyəsi və stress göstəricilərini uzunmüddətli analiz edir, həmçinin ürək ritminin dəyişkənliyi (HRV) kimi sağlamlıq məlumatları ilə inteqrasiya olunur.
Şirkət hələ klinik sınaqların nəticələrini dərc etməyib. Bununla belə, 2024–2025-ci illərdə keçirilmiş qapalı beta testlərdə iştirak edən 500-dən çox istifadəçinin 80 %-i məhsuldarlığın artdığını, 75 %-i isə iki ay ərzində stress səviyyəsinin azaldığını bildirib. Mave Health hazırda 200 nəfərin iştirak etdiyi dörd müşahidə tədqiqatının akademik qiymətləndirmədən keçdiyini və bu il dərc olunmasının planlaşdırıldığını açıqlayıb.
Mütəxəssislər isə ehtiyatlı yanaşma tövsiyə edir. NYU Grossman Tibb Məktəbinin nevrologiya professoru Leigh Elkin Charvet qeyd edib ki, tDCS texnologiyası ümumilikdə təhlükəsiz hesab olunsa da, cihazların düzgün istifadə olunması və nəticələrin sistemli şəkildə ölçülməsi vacibdir. O əlavə edib ki, sağlam insanlarda performans artırmaq məqsədilə bu texnologiyanın effektivliyi barədə hələ kifayət qədər elmi sübut yoxdur.
Paylaş
Bənzər xəbərlər