
Məşhur analitik Ross Young gələn il təqdim olunacaq iPhone 16 smartfon seriyası barəsində məlumatlar verib. Onun sözlərinə əsasən gələn ilki iPhone 16 seriyasına daxil olacaq iPhone 16 Pro və iPhone 16 Pro Max modelləri daha böyük ölçülü ekranlara sahib olacaqlar. Analitik bildirib ki, iPhone 16 Pro modeli 6.3 düym, iPhone 16 Pro Max modeli isə 6.9 düym ekran ilə təchiz olunacaq. Bununla yanaşı analitik əlavə edib ki, o, sözügedən smartfonların ekran ölçüləri barəsində dəqiq məlumatı 23 may tarixində təqdim edəcək. Dəqiq ekran ölçüləri dedikdə isə ölçü göstəricilərindəki vergüldən sonra olan iki rəqəmin təqdim edilməsi nəzərdə tutulur.
iPhone 16 ilə iPhone 16 Plus modellərində də böyük ölçülü ekranların olub-olmayacağı barəsində analitik heç bir məlumata sahib deyil. Əgər bu məlumatlar həqiqəti əks etdirirlərsə, deməli iPhone 16 Pro modellərindəki ekranlar iPhone tarixində ən böyük ekranlar olacaqlar. Müqayisə üçün qeyd etmək lazımdır ki, hal hazırda aktual olan iPhone 14 Pro modeli 6.1 düym, iPhone 14 Pro Max modeli isə 6.7 düym ölçülü ekran ilə təchiz olunur. Gözləntilərə əsasən bu ilin sentyabr ayında təqdim olunacaq iPhone 15 Pro modellərində bu ölçülər dəyişilməz olaraq qalacaqlar. Qeyd etmək lazımdır ki, iPhone 16 smartfon seriyasının gələn ilin sentyabr ayında təqdim ediləcəyi gözlənilir.