main-post-cover

    Məşhur analitik iPhone SE Plus barəsində məlumatlar verib

    Cihazlar+
    26.11.2021
    Farid Pardashunas
        Məşhur analitik Ming-Chi Kuo Apple şirkətinin gələcək büdcəli smartfonları barəsində yeni məlumatlar təqdim edib. Söhbət, iPhone SE seriyasına daxil olacaq yeni modellərdən gedir. Beləliklə analitikin sözlərinə əsasən iPhone SE seriyasının növbəti nəsil smartfonları arasına həmçinin iPhone SE Plus modeli də daxil olacaq. Bununla belə həm adi həm də Plus model əvvəlki iPhone SE modellərindən fərqlənəcəklər. Analitik qeyd edib ki, iPhone SE Plus modeli xarici görünüşcə klassik iPhone 8-in dizaynını özündə qoruyub saxlayacaq. Lakin ekran ətrafındakı çərçivələrin daha da nazik olacaqları hesabına Plus modelin ekran ölçüsü böyüyəcək. Beləliklə iPhone SE Plus modelinin ekran ölçüsünün 4.7 düymdən 5 düymə böyüyəcəyi gözlənilir.
        Bununla yanaşı smartfon Apple A15 Bionic prosessoru ilə də təchiz oluna bilər. Lakin məlumata əsasən şirkət daxilində A14 Bionic prosessoruna sahib model test olunur. Nəticədə smartfonun hansı prosessor ilə təchiz olunacağı Apple şirkətinin smartfonu hansı qiymət aralığında satmaq istəyəcəyindən asılı olacaq. Analitik qeyd edib ki, növbəti nəsil iPhone SE modellərində reallaşdırılacaq əsas yenilik ondan ibarət olacaq ki, smartfonlar 5G dəstəyinə sahib olacaqlar. Gözləntilərə əsasən iPhone SE 3 modeli Apple şirkətinin 5G dəstəkli ən ucuz smartfonu olacaq. Onun qiyməti təqribi olaraq 470$ təşkil edə bilər. iPhone SE 3 ilə iPhone SE Plus-ın nə zaman təqdim olunacağı bilinmir.
    Linki kopyala