
Ice Universe ləqəbli məşhur insayder Face ID texnologiyasının iPhone-larda ekranın alt hissəsinə nə zaman yerləşdiriləcəyi barəsində eksklüziv məlumatı Çinin Weibo adlı sosial şəbəkəsindəki hesabında təqdim edib. İnsayderin sözlərinə əsasən Face ID texnologiyasının iPhone-larda ekranın alt hissəsinə yerləşdirilməsini bir qədər gözləmək lazım gələcək. Belə ki, bu imkan ilk öncə iPhone 17 Pro və iPhone 17 Pro Max modellərində reallaşdırılacaq.
Hələ keçən il Face ID texnologiyasının ekranın alt hissəsinə yerləşdirilməsi imkanının iPhone 15 Pro modellərində olacağı qeyd edilmişdi. Bir neçə müddət bundan öncə isə Cənubi Koreyanın The Elec saytı məlumat verdi ki, ekranın alt hissəsinə yerləşdirilmiş Face ID texnologiyası iPhone 16 Pro və iPhone 16 Pro Max smartfonlarında mövcud olacaq. The Elec saytı həmçinin qeyd etmişdi ki, ekranın alt hissəsinə inteqrasiya edilmiş Face ID 2025-ci ildə bütün iPhone 17 modellərində reallaşdırılacaq.
Bu qədər müxtəlif məlumat əsasında bunun nə zaman baş verəcəyini söyləmək çətindir. Lakin güman etmək olar ki, nəticə etibarilə Apple Face ID texnologiyasını iPhone-larda həqiqətən də ekranın alt hissəsinə yerləşdirəcək. Belə ki, Android smartfonların istifadəçiləri ekranın alt hissəsinə yerləşdirilən kamera texnologiyasını trendə salmağa başlayıblar. Apple isə belə məsələlərdə tələsməyən şirkət kimi tanınır.
Şərh yoxdur