Meta-nın VR layihələri milyardlarla dollar itki verməyə davam edir
Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, Meta-nın virtual reallıq bölməsi Reality Labs üçün 2025-ci il də uğursuz oldu. Şirkətin açıqladığı maliyyə hesabatına görə, bölmə ötən il 19,1 milyard dollar zərər edib. Bu rəqəm 2024-cü ildə qeydə alınan 17,7 milyard dollarlıq zərərdən də yüksəkdir.
Yalnız ilin son rübündə Reality Labs-in zərəri 6,2 milyard dollar təşkil edib. Buna baxmayaraq, bölmənin gəlirləri olduqca məhdud qalıb: 2025-ci il üzrə ümumi gəlir 2,2 milyard dollar, dördüncü rübdə isə 955 milyon dollar olub.
Bu maliyyə göstəricilərindən az əvvəl Meta Reality Labs bölməsində işçilərin 10 %-ni ixtisar edib. Məlumatlara görə, bu ixtisarlar təxminən 1.000 nəfəri əhatə edib. Bundan əlavə, şirkətin bir neçə VR studiyasını bağlamağı planlaşdırdığı da bildirilir.
Meta-nın baş direktoru Mark Zukerberq isə gələcək barədə nikbin danışmağa çalışıb. O, şirkətin əsas diqqətini artıq ağıllı eynəklər və geyilə bilən texnologiyalar üzərinə yönəltdiyini bildirib. Zukerberg-in sözlərinə görə, VR platforması Horizon mobil mühitdə böyüdüləcək və uzunmüddətli perspektivdə VR-in gəlirli ekosistemə çevrilməsi hədəflənir.
Bununla belə, Meta rəhbəri 2026-cı ildə də zərərlərin eyni səviyyədə qalacağını etiraf edib. Onun sözlərinə görə, bu il itkilərin pik nöqtəsi olacaq və yalnız bundan sonra mərhələli şəkildə azalma gözlənilir.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...