Meta-nın yeni ağıllı eynəkləri ətrafı fasiləsiz analiz edə bilər
Meta süni intellektli ağıllı eynəklərini daim ətrafı izləyən cihazlara çevirməyə hazırlaşır. Məlumata görə, şirkət istifadəçinin gün ərzində gördüklərini və eşitdiklərini davamlı şəkildə analiz edə bilən yeni "super sensing" funksiyası üzərində işləyir. Financial Times nəşrinin yaydığı məlumata əsasən, Meta-nın hazırladığı prototip ağıllı eynəklər ətraf mühiti fasiləsiz izləyə, səsi dinləyə və müəyyən aralıqlarla şəkillər çəkə biləcək. Daha sonra istifadəçi Meta AI-a gün ərzində baş verən hadisələr barədə suallar verərək həmin məlumatlardan faydalana biləcək.
Şirkətin nəzərdən keçirdiyi yanaşmaya görə, çəkilən foto və səs yazıları birbaşa saxlanılmayacaq və istifadəçiyə təqdim edilməyəcək. Bunun əvəzinə, həmin məlumatlardan çıxarılan metadata Meta-nın serverlərinə göndəriləcək və süni intellekt yalnız bu məlumatlar əsasında cavab hazırlayacaq. Meta hesab edir ki, bu yanaşma məxfilik risklərini müəyyən qədər azalda bilər. Lakin belə bir sistem ciddi məxfilik narahatlıqları da yaradır. Meta artıq üz tanıma texnologiyaları, insanların xəbəri olmadan çəkiliş aparılması və eynəklərdəki LED qeyd göstəricisinin söndürülməsi ilə bağlı tənqidlərin hədəfindədir. Şirkət bu həftə açıqlayıb ki, LED indikatoruna müdaxilə edildiyini aşkar edən eynəklərdə kamera avtomatik deaktiv ediləcək.
Bununla belə, məlumatlara görə, "super sensing" rejimində LED göstəricisinin ümumiyyətlə yanmaması planlaşdırılır. Meta daha əvvəl də bildirmişdi ki, LED işığı yalnız istifadəçi foto və ya video saxladığı hallarda aktiv olacaq, süni intellektin ətrafı analiz etdiyi vəziyyətlərdə isə işləməyəcək. Şirkət həmçinin toplanan məlumatların gələcəkdə süni intellekt modellərinin öyrədilməsi üçün istifadə olunub-olunmayacağını da müzakirə edir. Bildirilir ki, bu funksiyalar gələcək modellərlə yanaşı, artıq satışda olan Meta ağıllı eynəklərinə də proqram yeniləməsi vasitəsilə əlavə edilə bilər. Meta isə yayılan məlumatları birbaşa təsdiqləməyib. Şirkət nümayəndəsi Dave Arnold bildirib ki, daxili prototiplər barədə şərh verməsələr də, məqsədləri həm istifadəçilərin, həm də onların ətrafındakı insanların rahat istifadə edə biləcəyi və məxfiliyi nəzərə alan ağıllı eynəklər hazırlamaqdır.
Paylaş