Logo
    main-post-cover

    Meta VR oyun studiyalarını bağlayır

    Cihazlar+
    14.01.2026
    Sevinc
        Technote.az “Engadget” platformasına istinadən bildirir ki, Meta metaverse strategiyası çərçivəsində ixtisarları davam etdirir və bu proses VR oyun studiyalarına da təsir edib. Şirkət üç daxili VR studiyası olan Armature Studio, Sanzaru GamesTwisted Pixel-i bağladığını təsdiqləyib. Bununla yanaşı, məşhur VR fitnes tətbiqi Supernatural üçün artıq yeni məzmun hazırlanmayacaq.
        Twisted Pixel studiyası 2024-cü ilin noyabrında Marvel’s Deadpool VR oyununu təqdim etmişdi. Sanzaru Games isə VR dünyasında tanınan Asgard’s Wrath layihəsi ilə məşhur idi. Bloomberg-in məlumatına görə, 2021-ci ildə Resident Evil 4 oyununu Quest platformasına uyğunlaşdıran Armature Studio da fəaliyyətini dayandırıb. Supernatural tətbiqi isə mövcud istifadəçilər üçün işlək qalacaq, lakin yenilənməyəcək. Meta məsələ ilə bağlı bildirib ki, şirkət investisiya prioritetlərini dəyişir. Rəsmi açıqlamaya görə, metaverse yönümlü xərclərin bir hissəsi azaldılaraq wearables (geyilə bilən texnologiyalar) sahəsinə yönəldilir və qənaət edilən vəsait bu istiqamətin inkişafına sərf olunacaq.
        Bu qərarlar Meta-nın VR ekosisteminə uzunmüddətli öhdəliyi ilə bağlı suallar doğurur. Şirkət 2024-cü ildə təqdim edilən Quest 3S-dən sonra yeni VR headset elan etməyib, həmçinin Asus və Lenovo ilə planlaşdırılan Horizon OS əsaslı cihaz layihələri də müvəqqəti dayandırılıb. Eyni zamanda, Meta daxili oyun inkişafından da geri çəkilir. Buna baxmayaraq, Meta rəhbərliyi VR oyun sektorundan tam imtina etmədiyini bildirir. Oculus Studios-un direktoru Tamara Sciamanna-nın daxili məktubunda qeyd olunur ki, şirkət bundan sonra diqqətini üçüncü tərəf oyun studiyaları və tərəfdaşlarla əməkdaşlığa yönəldərək sənayenin davamlı inkişafını dəstəkləməyi planlaşdırır.
    Paylaş