
MicroLED ekranlı Apple Watch Ultra yaxın illərdə işıq üzü görməyə bilər
Hələ keçən il məlumat ortaya çıxmışdı ki, Apple şirkəti microLED ekrana sahib olacaq Apple Watch Ultra üzərində çalışır. Lakin bu cür Apple Watch Ultra-nın nə zaman işıq üzü görəcəyi tam aydın deyil. Daha öncəki məlumat sızıntılarında qeyd edilirdi ki, microLED ekrana sahib Apple Watch Ultra 2025 və ya 2026-cı ildə təqdim olunacaq. Lakin Koreyanın The Elec saytı xəbər verib ki, şirkət microLED ekranın istehsalı ilə bağlı bəzi problemlərlə qarşılaşıb və bu səbəbdən Apple bu ekrana sahib olacaq Watch Ultra-nın bazarda təqdimat müddətinə yenidən baxacaq.
Məlumatda qeyd edilib ki, microLED ekranın istehsalı mövzusunda ən böyük problem onun qiymətindədir. Belə ki, o hətta Apple üçün də baha başa gəlir. Məlumata əsasən microLED texnologiyası əsasında 2.12 düym ekranın hazırlanması 150$-a başa gəlir. Bu isə mövcud OLED ekranın hazırlanması xərcindən (38$) 4 dəfə yüksəkdir. Hətta iPhone 15 smartfonları üçün nəzərdə tutulmuş 6.1 və 6.7 düym ölçülü ekranlar (80$ və 120$) ucuz başa gəlirlər. İstehsal xərci 150$-a başa gələn ekrana sahib smart saatın öz satış qiyməti 1500$ olmalıdır. Hal-hazırda aktual olan Apple Watch Ultra-nın satış qiyməti isə 800$ təşkil edir. Beləliklə The Elec saytının fikrincə microLED ekrana sahib Apple Watch Ultra hətta 2027-ci ildə də işıq üzü görməyə bilər.
Paylaş