Mobil oyun üçün yeni yanaşma
Technote.az “Apple Insider” platformasına istinadən bildirir ki, mobil oyun kontrollerləri adətən iki kateqoriyaya bölünür: ya iri, rahat və funksional olur, ya da kompakt və daşınması asan. Hər iki xüsusiyyəti eyni anda təqdim edən modellər isə bazarda nadir hallarda rast gəlinir.
OhSnap Mcon bu balansı uğurla quran nadir mobil oyun kontrollerlərindən biridir. Xüsusilə iPhone istifadəçiləri üçün nəzərdə tutulan Mcon, MagSafe dəstəyi sayəsində telefona asan və möhkəm şəkildə qoşulur. Dizayn baxımından Mcon kifayət qədər fərqlidir. Ölçü etibarilə iPhone 17 Pro-ya yaxın olsa da, bir qədər qalındır. Kontroller qapalı vəziyyətdə olduqca yığcam görünür və arxa hissəsində yerləşən gümüş rəngli düymə ilə açılır. Bu düyməyə basdıqda kontroller avtomatik şəkildə açılır, Bluetooth aktivləşir və iPhone düymələrin üzərinə bir qədər bucaq altında yerləşir. Bu mexanizm həm vizual, həm də istifadə baxımından olduqca zövqlüdür.
Açıldıqdan sonra arxa hissədən çıxarılan iki əlavə ovuc dəstəyi istifadəçiyə daha təbii oyun mövqeyi yaradır. Bu isə uzunmüddətli oyun sessiyalarında rahatlığı artırır. Düymə düzülüşü maraqlı bir yanaşma ilə hazırlanıb. Kontroller Xbox modellərində olduğu kimi XYAB düymələrindən istifadə edir, lakin PlayStation stilinə uyğun olaraq analoq çubuqlar mərkəzdə yerləşdirilib. Bir çox oyunçu üçün bu kombinasiya daha ergonomik hesab olunur. Analoq çubuqlarda istifadə olunan MagRes texnologiyası yüksək dəqiqlik, gecikməsiz işləmə və drift probleminin olmaması ilə seçilir. İstehsalçı bu texnologiyanın hətta Hall-effect mexanizmlərindən üstün olduğunu iddia edir.
Mcon həm Bluetooth, həm də USB-C kabeli ilə işləyə bilir. Simsiz istifadə zamanı MagSafe modulunu çıxarıb “kickback mode” adlanan rejimi aktivləşdirmək mümkündür. Bu zaman kontrollerdən ayrıca, maqnitli telefon dayağı kimi istifadə etmək olur. Metal qol həm dayağın bir hissəsi, həm də açılıb-bağlanma zamanı stabilizator rolunu oynayır ki, bu da dizayn baxımından olduqca ağıllı həll hesab olunur.
Paylaş