Modder Nvidia-nın buraxmadığı 16 GB-lıq RTX 3070 Ti videokartı düzəldib
Braziliyalı modder Fabian 16 GB yaddaşla buraxılmasının planlaşdırıldığı düşünülən “Nvidia GeForce RTX 3070 Ti” videokartının işlək variantını hazırlayıb. Bir neçə il əvvəl şirkətin belə bir modeli satışa çıxaracağı gözlənilirdi. Lakin bazara yalnız 8 GB GDDR6X yaddaşlı versiya gəldi. 16 GB modelə dair məlumatlar əvvəlcə məlumat bazalarında, daha sonra isə fiziki prototipdə üzə çıxmışdı. Ancaq həmin kartın işlək vəziyyətdə sınağı göstərilməmişdi.
Fabian layihədə “GeForce RTX 3070” modelinin əsas elektron lövhəsindən istifadə edib. O, kartın qrafik çipini “RTX 3070 Ti” çipi ilə əvəzləyib. Standart “RTX 3070 Ti” kartına 16 GB GDDR6X yaddaş quraşdırmaq baha olduğuna görə daha münasib GDDR6 yaddaşı seçilib. Lövhədəki “Samsung” istehsalı 8 Gb tutumlu “HC14” yaddaş çipləri 16 Gb tutumlu “HC16” çipləri ilə dəyişdirilib. Nəticədə videoyaddaşın həcmi 8 GB-dan 16 GB-a yüksəlib.
Kart ilk dəfə işə salınanda yoxlama proqramı yalnız 8 GB yaddaş görüb. Bütün yaddaşın işləməsi üçün lövhədə yaddaş həcmini müəyyənləşdirən fiziki bağlantıların quruluşunu dəyişmək lazım olub. Fabian “Nvidia BIOS Reader” proqramı ilə uyğun nöqtələri tapıb və lehimləmə işi aparıb. Bundan sonra “MATS” və “GPU-Z” 16 GB GDDR6 yaddaşını problemsiz tanıyıb.
Əlavə yaddaşın həqiqətən işlədiyini yoxlamaq üçün kartda kompüterin özündə çalışan LLM, yəni böyük dil modeli işə salınıb. Sınaq zamanı proqram 16 GB yaddaşın demək olar ki, hamısından yararlanıb. “Call of Duty: Warzone” oyunu isə “Ryzen 7 9800X3D” prosessoru ilə aparılan testdə 13 GB-dan çox videoyaddaş işlədib. Bu zaman kartda sabitlik problemi qeydə alınmayıb.
“Unigine Superposition” testində kart 5367 xal toplayıb. Bu göstərici adi “RTX 3070 Ti” sınaqlarının çoxundan aşağıdır. Buna səbəb GDDR6 yaddaşının standart GDDR6X ilə müqayisədə məlumatları daha zəif sürətlə ötürməsidir. Təcrübə uğurlu alınıb və bu kart dünyada işləyən yeganə 16 GB yaddaşlı “RTX 3070 Ti” ola bilər. Bununla belə, müasir “Blackwell” kartları daha az yaddaşla belə onu geridə qoyur. Səmərəlilik, yeni funksiyalar və satışdan sonrakı dəstək nəzərə alındıqda, 16 GB yaddaşlı “RTX 5060 Ti” daha məntiqli seçim sayılır.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...
Ən çox oxunanlar