
Motorola şirkəti Moto G 5G (2023) ilə yanaşı həmçinin Moto G Stylus (2023) smartfonunu da təqdim edib. Adından da bəlli olduğu kimi sözügedən smartfonun əsas fərqləndirici özəlliyi stilus dəstəyinə sahib olmasıdır. Stilus isə öz növbəsində smartfonun gövdəsi daxilindəm yerləşir. Bununla yanaşı Moto G Stylus (2023) smartfonu böyük həcmli batareyaya, naqilli qulaqlıqlar üçün ənənəvi audiogirişə və stereo səsgücləndiricilərə sahibdir. Smartfon 60 Hz-lik təsvir yenilənməsinə sahib HD+ keyfiyyətli 6.5 düym yastı IPS ekran ilə təchiz olunub. Ekranın yuxarı mərkəz hissəsində isə ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib.
Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib. Moto G 5G (2023)-də olduğu kimi Moto G Stylus (2023)-də də kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çip mövcud deyil. Əsas texniki göstəricilər baxımından Moto G Stylus (2023) MediaTek Helio G85 prosessoru (4G), 4 GB RAM, 64 GB daxili yaddaş həcmi, 50 MP + 2 MP ikili arxa kamera, 8 MP-lik ön kamera və 15 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Moto G Stylus (2023) Android 13 vasitəsilə çalışır. Smartfon 5 may tarixində 170$ qiymətində satışa çıxacaq.