Motorola-nın yeni Moto Watch-u göründüyü qədər “ağıllı” deyil?
Motorola-nın 150 dollarlıq yeni Moto Watch ağıllı saatı ilk baxışdan premium model təsiri bağışlasa da, real istifadədə ciddi məhdudiyyətləri ilə diqqət çəkir. Engadget-ın sınaqlarına əsasən, saatın əsas problemi xarici görünüşünün yaratdığı gözləntiləri funksionallıq baxımından qarşılaya bilməməsidir. 2026-cı il Moto Watch modeli 47 mm-lik alüminium korpus, 1.43 düymlük dairəvi OLED ekran, Gorilla Glass 3 qoruması və IP68 su/toz davamlılığı ilə təchiz edilib. Saatda Bluetooth 5.3 LE, mikrofon, dinamik, ikitezlikli GPS və musiqi saxlamaq üçün 4 GB yaddaş da mövcuddur. Xüsusi versiya metal və silikon qayışla birlikdə təqdim edilir. Lakin əsas məqam proqram təminatı ilə bağlıdır. Moto Watch xarici görünüşünə və interfeysinə görə Wear OS əsaslı ağıllı saat təsiri bağışlasa da, əslində Google-un əməliyyat sistemindən istifadə etmir. Bunun əvəzinə cihaz daha sadə və az enerji sərf edən RTOS (Real-Time Operating System) platformasında çalışır.
Bu seçim batareya ömrünü artırsa da, ağıllı saatın imkanlarını ciddi şəkildə məhdudlaşdırır. Moto Watch-da üçüncü tərəf tətbiqlərini quraşdırmaq, Google tətbiqlərindən istifadə etmək və mobil ödənişlər etmək mümkün deyil. Musiqi də yalnız telefondan saatın daxili yaddaşına köçürülə bilir. Saat bildirişləri, zənglər, taymer, saniyəölçən, kompas və telefon kamerasının uzaqdan idarə edilməsi kimi əsas funksiyaları dəstəkləyir. Telefonla əlaqədə olduğu müddətdə birbaşa saatdan zəng etmək də mümkündür. Bununla belə, Engadget test zamanı interfeysdə donmalar və animasiyalarda ləngimələrlə qarşılaşıb. İkitezlikli GPS də testlərdə gözlənilən nəticəni göstərməyib. Açıq ərazilərdə belə bəzi hallarda saatın GPS siqnalını tapmaqda çətinlik çəkdiyi bildirilib. Moto Watch-un ən güclü tərəfi isə batareyasıdır. Motorola həmişə aktiv ekran rejimində təxminən 7 gün, adi istifadədə isə 13 günədək batareya ömrü vəd edir. Engadget-ın testində həmişə aktiv ekranla cihaz 8 gün işləyə bilib.
Saatın istehsalçısı ilə bağlı da müəyyən qeyri-müəyyənlik var. Motorola məhsulu öz kanalları vasitəsilə satır və cihazın üzərində “Designed by Motorola” yazısı yerləşir. Bununla belə, şirkət Engadget-ın saatın konkret olaraq kim tərəfindən istehsal edildiyi barədə sualına dəqiq cavab verməyib. Motorola-nın əvvəlki bəzi ağıllı saatları üçüncü tərəf şirkətlər tərəfindən lisenziya əsasında istehsal olunub.
Paylaş
