
Motorola təqdimatı gözləmədən Moto G84 5G barəsində bütün məlumatları öz saytına yerləşdirib
Motorola şirkəti sabah Moto G84 5G smartfonunu təqdim etməli idi. Lakin şirkət təqdimatı gözləmədən smartfon barəsindəki bütün məlumatları öz saytında yerləşdirib. Beləliklə saytda yerləşdirilmiş məlumata əsasən Moto G84 5G smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.55 düym pOLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1300 nit təşkil edir. Ekranın yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib. Üstəlik barmaq izi skanı texnologiyası da birbaşa ekrana inteqrasiya edilib.
Moto G84 5G-nin gövdəsi IP54 standartı üzrə sudan qorunur və özündə Dolby Atmos dəstəkli stereo səsgücləndiriciləri, naqilli qulaqlıqlar üçün 3.5 mm-lik audiogirişi və kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipi birləşdirir. Əsas texniki göstərəcilərə gəldikdə isə smartfon Snapdragon 695 prosessoru, 12 GB RAM, 256 GB daxili yaddaş həcmi, 50 MP + 8 MP ikili arxa kamera, 16 MP-lik ön kamera və 33 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Moto G84 5G Android 13 vasitəsilə çalışır. Smartfon yaxın günlərdə Hindistan bazarında satışa çıxacaq. Lakin onun digər regionlarda da satılacağı istisna edilmir. Moto G84 5G-nin Hindistan bazarındakı qiyməti 240$ təşkil edəcək.
Paylaş
Bənzər xəbərlər