Motorola yerli xalqların dil və mədəniyyətini qorumaq üçün yeni tətbiq hazırlayıb
Motorola yerli xalqların dil və mədəni irsinin qorunmasına yönəlmiş “Indigenous Collections” adlı yeni mobil tətbiqini təqdim edib. Android üçün hazırlanan tətbiq pulsuz olaraq Google Play Store-da yayımlanıb. Tətbiq ABŞ və Kanadada yaşayan Ojibve xalqının Rainy Lake icmasının üzvləri ilə əməkdaşlıq çərçivəsində hazırlanıb. Layihənin əsas məqsədi Ojibve dilini, eləcə də icmaya aid hekayələri, tarixi məkanlar və nəsillərdən-nəsillərə ötürülən bilikləri rəqəmsal formada qorumaq və gələcək nəsillərə çatdırmaqdır.
Layihənin hazırlanmasında Ojibve dili müəllimi Jason Jones və Minnesota ştatındakı Bemidji Dövlət Universitetinin Ojibve dili üzrə professoru, yazıçı Dr. Anton Treuer də iştirak edib. Tətbiqi hər kəs yükləyə bildiyi üçün burada yalnız icmanın ictimaiyyətlə paylaşılmasına razılıq verdiyi mədəni məlumatlar yerləşdirilir. Dr. Treuerin sözlərinə görə, xüsusilə Ojibve hekayələrinin qorunması vacibdir. Çünki hekayələr dilin, mədəni biliklərin, dünyagörüşünün və icmanın tarixinin gələcək nəsillərə ötürülməsində mühüm rol oynayır.
Paylaş
