Naim və PS Audio oxuyucu qıtlığına görə 2 CD cihazının istehsalını kəsdi
“Naim” və “PS Audio” yüksək səviyyəli 2 CD cihazının istehsalını dayandırıb. Söhbət “Uniti Star” və “PMG Super Audio CD Transport” modellərindən gedir. Buna səbəb cihazlarda işlənən optik disk oxuyucularının artıq buraxılmamasıdır. Kompüterlərdə belə oxuyuculara tələbat azaldığı üçün əsas hissələrin istehsalı da demək olar dayanıb. Çatışmazlıq CD və vinil disklərə marağın yenidən artdığı bir vaxtda yaranıb.
“PS Audio” üçün problem 2024-cü ilin iyununda başlayıb. “D&M Holdings” iyulun sonundan sonra SACD/CD mexanizmi üçün sifariş götürməyəcəyini açıqlayıb. İstehsalçılar son ehtiyatları almağa çalışdığı üçün hissənin qiyməti 2 dəfə artıb. “PS Audio” da son sifarişini verərək “Marantz” şirkətində qalan bütün mexanizmləri alıb.
“PS Audio” uyğun optik disk oxuyucusunu özü hazırlaya bilmir. Şirkətin rəhbəri Paul McGowan deyib ki, onların əsas təcrübəsi elektronika və proqram təminatı sahəsindədir. “Naim” də hissələri xammaldan hazırlamır, başqa istehsalçılardan aldığı hazır komponentləri birləşdirir. “Uniti Star” modelindəki oxuyucunun hansı şirkətdən alındığı açıqlanmayıb.
Optik disk oxuyucusunu başqa modellə dəyişmək də asan deyil. Belə hissələr adətən hazır modul şəklində hazırlanır. Yeni oxuyucuya keçmək üçün həm idarəetmə kodunu, həm də cihazın daxili quruluşunu dəyişmək lazımdır. “Naim” alternativ oxuyucunu “Uniti Star” modelinə uyğunlaşdırmağa çalışarkən həmin hissənin də istehsalı dayanıb. Buna görə cihazı yeniləmək alınmayıb.
Bazarda başqa CD pleyerləri və disk ötürücüləri hələ də satılır. Ancaq “Uniti Star” və “PMG Super Audio CD Transport” modellərini yeni halda tapmaq artıq olmur. Hər iki şirkət təmir üçün bəzi hissələri ehtiyatda saxlayır. Buna görə optik oxuyucu xarab olsa belə, cihaz sahiblərinin bahalı sistemlərinin tam yararsız qalacağından hələlik narahat olmasına ehtiyac yoxdur.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...