Narıncı iPhone-lar Çində satış rekordu qırdı
Technote.az “Apple Insider” platformasına istinadən bildirir ki, Apple son üç ildə Çində yaşadığı satış geriləməsindən sonra 2026-cı maliyyə ilinin birinci rübündə ciddi dönüş əldə edib. Şirkətin Çindən əldə etdiyi gəlir illik müqayisədə 38 % artıb. Analitiklərə görə, bu artımın maraqlı səbəblərindən biri iPhone 17 Pro seriyasında təqdim olunan parlaq Cosmic Orange rəngidir.
Məlumata görə, bu narıncı çalar Çində sosial şəbəkələrdə sürətlə viral olub. Minlərlə istifadəçi yeni iPhone-un məhz bu rəngini nümayiş etdirən paylaşımlar edib. Yerli istifadəçilər isə cihazı Apple-ın rəsmi rəng adı ilə deyil, daha çox “Hermes narıncısı” adlandırırlar. Bu, məşhur lüks brend Hermes-in ikonaya çevrilmiş narıncı rəngi ilə vizual oxşarlıqla əlaqələndirilir.
Rəngin populyarlığı təkcə dizaynla bağlı deyil. Çin dilində “narıncı” sözünün tələffüzü “uğur” anlayışı ilə səsləşdiyi üçün bu rəngə mədəni və simvolik məna da yüklənib. Sosial mediada “Qoy bütün arzuların narıncı olsun” kimi ifadələr geniş yayılıb. Bundan əlavə, tanınmış texno-influencerlər bu rəngin uzaqdan belə yeni model iPhone olduğunu göstərdiyini vurğulayıblar.
Bununla yanaşı, analitiklər bildirir ki, satış artımını yalnız rənglə izah etmək düzgün olmaz. Yeni dizayn, gücləndirilmiş kamera sistemi, yüksək performans və uzun müddət telefonunu yeniləməyən istifadəçilərin kütləvi şəkildə yenidən alışa qayıtması da mühüm rol oynayıb. Çin hökumətinin tətbiq etdiyi subsidiya proqramı isə əsasən baza iPhone 17 modelinə təsir edib.
Paylaş