Narwal CES-də ev heyvanlarını izləyən və zinət əşyalarını tanıyan AI tozsoranını təqdim etdi
Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, robot tozsoran istehsalçısı Narwal, Consumer Electronics Show (CES) sərgisində süni intellektlə təchiz olunmuş yeni nəsil ağıllı tozsoranlarını təqdim edib. Şirkətin yeni flaqman modeli Flow 2 ev heyvanlarını izləmək, qiymətli əşyaları tanımaq və itmiş oyuncaqlar barədə istifadəçini xəbərdar etmək kimi imkanlara malikdir.
Narwal Flow 2 yuvarlaq dizayna və asan çıxarılan su çənlərinə sahibdir. Cihaz 136 dərəcə baxış bucağına malik iki 1080p RGB kamera vasitəsilə evi xəritələndirir və süni intellekt modelləri ilə obyektləri tanıyır. Şirkətin bildirdiyinə görə, bu texnologiya sayəsində tozsoran demək olar ki, limitsiz sayda obyekti tanıya bilir. Əvvəlcə obyektlər lokal olaraq analiz edilir, uyğunluq tapılmadıqda isə məlumatlar bulud üzərindən emal olunur.
Flow 2 üç əsas AI rejimi ilə təchiz edilib: Pet Care Mode, Baby Care Mode və AI Floor Tag Mode. Pet Care rejimində istifadəçi ev heyvanlarının daha çox vaxt keçirdiyi zonaları müəyyənləşdirə və həmin sahələrin daha diqqətli təmizlənməsini təmin edə bilir. Eyni zamanda iki tərəfli səs funksiyası ilə ev heyvanlarını izləmək də mümkündür. Baby Care rejimi beşik yaxınlığında səssiz işləmə rejiminə keçir və yerində olmayan oyuncaqlar barədə bildiriş göndərir. AI Floor Tag rejimi isə zinət əşyaları kimi qiymətli obyektləri tanıyır, onlardan yayınır və istifadəçini xəbərdar edir.
Narwal bildirir ki, Flow 2 dörd fərqli təmizləmə rejiminə malikdir və müxtəlif çirk növlərini ayırd edə bilir. Yeni dizayn daha yüksək temperaturda isti su ilə mop yuyulmasına imkan verir ki, bu da gigiyenanı artırır.
Paylaş