Logo
    main-post-cover

    Netflix 2025-ci ildə reklamlardan 1,5 milyard dollar qazanıb

    Cihazlar+
    21.01.2026
    Ilhama
        Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Netflix-in reklam biznesi 2025-ci ildə sürətlə böyüyüb. Şirkət 2024-cü illə müqayisədə reklam gəlirlərini iki dəfədən çox artıraraq 1,5 milyard dollara çatdırıb. Netflix-in həmsədri Greg Peters bildirib ki, reklam gəlirlərinin 2026-cı ildə təxminən 3 milyard dollara yüksəlməsi gözlənilir.
         Bu artım əsasən Netflix-in reklamlı abunə paketinin populyarlığının yüksəlməsi ilə bağlıdır. Aylıq 7,99 dollar dəyərində olan bu paket 2025-ci ilin may ayına olan məlumata görə, hər ay 94 milyondan çox istifadəçiyə çatır. Şirkət reklamçılar üçün süni intellekt əsaslı yeni alətlər üzərində işləyir və reklamların serial və filmlərin səhnələri ilə uyğunlaşdırılmasına imkan verən formatları genişləndirir. Bundan əlavə, interaktiv video reklamların bu ilin ikinci rübündə istifadəyə verilməsi planlaşdırılır.
         Netflix-in ümumi gəliri 2025-ci ildə 12,05 milyard dollar olub və platformanın abunəçi sayı 325 milyona yüksəlib. Şirkət dekabr ayında Warner Bros. studiyası, HBO və HBO Max-ı əhatə edən 82,7 milyard dollarlıq böyük satınalma razılaşması əldə edib. Prosesin sürətlənməsi üçün Netflix bu həftə təklifini tam nağd ödənişə çevirib.
         Bununla yanaşı, Netflix məzmun strategiyasını da yeniləyir. Platformaya Spotify, iHeartRadio və Barstool Sports-dan video podkastlar əlavə olunub və şirkət öz podkast layihələrini də hazırlayır. Yaxın dövrdə Bridgerton, One Piece, 3 Body Problem və The Witcher seriallarının yeni mövsümləri yayımlanacaq.
    Paylaş