Logo
    main-post-cover

    Netflix-də 24/7 yayımlanan kanallar yaradıla bilər

    Cihazlar+
    10.07.2026
    Sevinj
        Netflix istifadəçilərin platformada keçirdiyi vaxtı artırmaq üçün yeni funksiyalar üzərində işləyir. The Wall Street Journal nəşrinin məlumatına görə, şirkət müəyyən film və serialların fasiləsiz yayımlandığı, daim aktiv olan kanallar yaratmağı nəzərdən keçirir.
        Bu yanaşma pulsuz yayımlanan Pluto TV və Tubi kimi platformaları xatırladır. Lakin əsas fərq ondadır ki, həmin xidmətlər reklamlı və ödənişsiz olduğu halda, Netflix-in reklam dəstəyi olan tarifi aylıq 8,99 dollar təşkil edir.
       Məlumata əsasən, Netflix başqa bir yeniliyi də qiymətləndirir. Şirkət gələcəkdə digər striminq platformalarını da əhatə edən paket abunəliklər təklif edə bilər. Bu model hazırda Apple TV və Prime Video kimi xidmətlərdə artıq istifadə olunur. The Wall Street Journal bildirir ki, Netflix son dövrlərdə istifadəçi aktivliyinin azaldığını müşahidə edir və bu səbəbdən platformaya marağı yenidən artıracaq həll yolları axtarır.
        Bundan əvvəl Bloomberg də Netflix-in serialların ikinci mövsümlərində izlənmə sayının niyə əhəmiyyətli dərəcədə azaldığını araşdırdığını yazmışdı. Şirkət son aylarda video podkastlar, həmçinin BuzzFeed və Conde Nast kimi rəqəmsal media brendlərinin videolarını platformaya əlavə etməyə başlayıb. Bu tip məzmunlar istifadəçilərin xüsusi diqqətini tələb etmədən arxa fonda izlənilə bildiyi üçün daha uzun izləmə müddəti yaratmağı hədəfləyir.
        Netflix-in sözçüsü Adrian Zamora isə məsələ ilə bağlı şərh verməkdən imtina edib.
    Paylaş