Netflix "Stranger Things" üçün VHS versiyası təqdim etdi
Netflix məşhur "Stranger Things" serialının ilk mövsümü üçün nostalji həvəskarlarına xüsusi VHS versiyası təqdim edib. Şirkət yeni buraxılışı "1983-cü ildə olduğu kimi yenidən izləyin" şüarı ilə təqdim edir. Bu versiyada serial köhnə VHS kasetlərində izlənilən görüntünü xatırladacaq şəkildə hazırlanıb. Ekran görüntüsü 4:3 formatına salınıb, təsvirə dənəvərlik və bulanıqlıq effekti əlavə olunub. Nəticədə serial köhnə kineskop televizorlarda izlənilirmiş kimi görünür.
Serialın yaradıcıları Matt və Ross Duffer bildiriblər ki, məqsəd "Stranger Things" serialının 1980-ci illərdə videokaset mağazalarında satılan və ya icarəyə verilən filmlər kimi hiss etdirilməsidir. Bunun üçün geniş ekran görüntüsü VHS dövründə geniş istifadə olunan pan-and-scan üsulu ilə uyğunlaşdırılıb. Bu texnika zamanı görüntünün kənar hissələri kəsilir və səhnənin hərəkətinə uyğun olaraq kadr sürüşdürülür.
Netflix hətta platformanın açılış animasiyasını da köhnə VHS üslubuna uyğun dəyişib. Səs keyfiyyətində isə hər hansı əlavə dəyişiklik edilməyib. Duffer qardaşları bildiriblər ki, əgər bu xüsusi versiya izləyicilər tərəfindən maraqla qarşılanarsa, gələcəkdə serialın digər mövsümləri də VHS formatında təqdim oluna bilər.
Paylaş